Azerbaycan’da Türklüyün Tarixsel Kökleri

Ali SARAY

1920-ci illərdən etibarən Azərbaycan Türklərinin tarixi haqqında, bilimsəllikdən uzaq, sadəcə siyasi maraqlar əsasında bir iddia ortaya atılmışdır. Bu iddia, Azərbaycanda Türklərin tarixi köklərini inkar etməkdə, onların ancaq XI-XII yüzilliklərdən başlayaraq bu coğrafiyaya gəldiklərini iləri sürməkdədir. Lakin əski qaynaqlar bu iddianın yanlış olduğunu, Türklərin bu ərazilərdəki köklərinin eradan (miladdan) öncəki dövrlərə qədər uzandığını sübut etməkdədir.

 


ÖZƏT

1920-ci illərdən etibarən Azərbaycan Türklərinin tarixi haqqında, bilimsəllikdən uzaq, sadəcə siyasi maraqlar əsasında bir iddia ortaya atılmışdır. Bu iddia, Azərbaycanda Türklərin tarixi köklərini inkar etməkdə, onların ancaq XI-XII yüzilliklərdən başlayaraq bu coğrafiyaya gəldiklərini iləri sürməkdədir. Lakin əski qaynaqlar bu iddianın yanlış olduğunu, Türklərin bu ərazilərdəki köklərinin eradan (miladdan) öncəki dövrlərə qədər uzandığını sübut etməkdədir.

Açar sözlər: Güney, Azərbaycan, Turukki, Saka, Kəngər

SUMMARY

Since the 1920s, an unscientific claim regarding history of Azerbaijan Turks’ History has been put forward only through political concerns. This claim denies the historical origins of Turks in Azerbaijan and proposes that they came to this geography only since XI-XII. centuries. However old sources prove that these claims are not true and origin of Turks in these lands goes back to B.C.E.

Key Words: South Azerbaijan, Turukki, Scyth,  ki-en-ĝir, Turukku

 

GİRİŞ

Uzun illərdən bəri Azərbaycan tarixinə  obyektiv və bilimsəl üslublarla deyil, siyasi qayğılarla yanaşıldığından, Azərbaycan Türklərinin soykökü ilə bağlı yanlış və məqsədli bir iddia ortaya atılmışdır.  Müəyyən siyasi maraqlara xidmət edən və Azərbaycan Türklərinin milli mənafeyinə tərs düşən bu iddiaya görə, XI yüzilliyə qədər Azərbaycanda Türk etnosları yaşamamış, guya səlcuqlu Türklərinin gəlməsi ilə, buraya Türk tayfalarının axını başlamış və Azərbaycanın Türkləşməsi prosesi ancaq səfəvi dövründə tamamlanmışdır. Bu iddiaya görə Türklər, Azərbaycan və İran ərazisinə sonradan gəlmədir. Onlar guya bu torpaqlardaki yerli ari mənşəli xalqı Türkləşdirmişlər.

Bu konsepsiya sahibləri bölgəyə aid qədim mənbələrdəki  toponim,  etnonim,  şəxs adları və s. nin, izahında Türk dillərini yaxına belə buraxmırlar. Beləcədə  Azərbaycan Türklərinin soykökü məsələsi bir çıxmaza girmiş olur.

Bu konsepsiyaya nədən ehtiyac duyulduğu sualının cavabı isə, bəzi imperialist güclərin, bölgə üzərindəki son iki əsirlik siyasi maraqlarında axtarılmalıdır. Görkəmli alim N. Cəfərovun ifadesiylə desək  “Bu «konsepsiya» yalnız səhv deyil, həm də mürtəcedir, xalqa öz keçmişini, etnik mənşəyini unutdurmaq «ehtiyac»ından irəli gəlmişdir”. (Cəfərov, 2002: 16)

1813 Gülistan və 1818 Türkmənçay müqavilələriylə Azərbaycan ikiyə ayrılmış, quzey hissəsi öncə çar Rusiyası, daha sonra 1920 den 1991 ilinə qədər, sovetlərin işğalı altında qalmışdır. Güney hissəsi isə 1925 ilinədək Türk- Qacar hakimiyyətində, bu tarixdən sonra isə İranda qurulan və Fars ünsur və mədəniyyətinin hegemoniyasındakı dövlətlər tərkibində qalmışdır. Beləliklə də hakim çevrələr və maraqları bunlarla üst-üstə düşən imperialist güclər, bəlli siyasi amaclar uğrunda, Azərbaycan xalqının tarixi kökləri və kimliyini ona unutdurmağa çalışmışlar.

Azərbaycanda Türk soylarının tarixi kökləri miladdan öncəki minillərə dayanır. Bu məsələ ilə bağlı bizə,  qədim Akkad, Assur, Urartu mixi yazıları və sonraki dönəmlərə aid Gürcü, Erməni ve s. Tarixi qaynaqlar məlumat verməkdədir.

Yeri gəlmişkən qeyd edək ki biz, minillərdən bəri ön Asya və Qafqazda yaşayan Türk xalqlarının hamısını bir məqalə tutumunda araşdırma niyyətində deyilik. Məqsədimiz sadəcə Azərbaycan Türklüyünün etnogenezi ilə bağlı, yuxarıda sözü gedən konsepsiyanın doğru olmadığını isbat etməkdir. Dolayısıyla da əski çağlardan bəri bölgədə yaşayan Türk soyları yalnız bu məqalədə  araşdırılan soylardan ibarət olmamışdır. Kumanlar, Xəzərlər, Qarqarlar, Hunlar, Bulqarlar kimi bu məqalədə adları çəkilməyən, ancaq islamdan öncə, hətta bəzən miladdan öncəki dönemlərdə Azərbaycanda məskun olmuş və xalqımızın etnik təşəkkülündə iştirak etmiş, daha çox Türk soyları olmuşdur.

Turukkilər*

Miladdan öncə III minillikdən etibarən ilk prototürk soylardan sayıla biləcək Turukkilər  Azərbaycan ərazisində yaşamışlar.  Qaynaqların, şərqi Anadolu- Güney Azərbaycanın Urmiyə gölündən Zəncana qədər ki ərazi də yaşadıqlarını göstərdiyi Turukkilərin adı Akkad, Asur və Urartu çivili yazılarında çəkilmişdir. Onların adı ilk səfər Akkadlı Sargonun (m.ö. XXIV.  yüzil) dönəminə aid kitabələrdə çəkilir. M.Ö. 2200-ci illərdə Akkad kralı Naram Suenə qarşı quzey tərəfdə 17 hökümdarın yaratdığı koalisyonda Tourki ölkəsinin İlluşumel adlı hakiminin adı çəkilmişdir. (Əliyarlı, 1996: 39). Bu adı Tanınmış arxeoloq profesor Louis Delaporte 1936-ci ildə Tourki kralı İlloushoumail, Alman professoru N.G. Guterbock isə 1938-ci ildə Turki kralı İlşu Nail oxumuşdur (Əliyarlı, 1996: 164).

Akkad kitabələrindən sonra bu səfər Turuki’lərin adı Asur, daha sonra isə Urartu qaynaqlarında  çəkilməyə başlamışdır. Miladdan öncə birinci minilliyə aid Urartu mixi yazılarında eyni xalqın adı "turuxi" kimi çəkilr (Tuncay,  2009: 45)

İndiki İraq - Suriya sərhədi yaxınlığında fransız alimlərinin apardığı qazıntı nəticəsində ortaya çıxan qədim Asur şəhərlərindən Mari’nin çar arxivindəki mixi yazılı  kitabələrin İyirmidən artıq mətnində Turukku/Turuuki şəklində oxunmuş boy adı vardı. 1989-da S.Bayram turukku sözü olan daha 11 tablet olduğunu qeyd etmişdir. (Ağasıoğlu,  2005: 21).

B. Tuncaya görə Akkad və Aşşur mixi yazılarında qeyd edilən  "Turukku" ların Türklər olduğunu təsbit edən ilk alim Zelik Yampolski olmuşdur. “O,Türklərin mənşəyi və ilk ana yurdu barədə o vaxta qədər Rus-Sovet tarixşünaslığında mövcud olan rəsmi baxışlara qarşı çıxaraq bildirmişdi ki, Akkad  mənbələri "Türk" etnoniminin qeydə alındığı ən qədim yazılı mənbələrdir” (Tuncay, 2009: 44). F. Ağasıoğluna görə isə bu tabletlərdə ki “Turukki” adının, Türklərlə ilgili olduğunu söyləyən ilk alim H.Z. Koşay olmuşdur. Koşay iki tabletdə turukku sözü olan sətri 1982-də Buxarestdə nəşr olunan bir elmi bülletendə çap etdirmişdir. (Bax: Azər xalqı, 2005: 21). Bu mülahizəyə “sonralar “Əbülfəz Hüseyni, Cəfər Cəfərov, Məhəmməd Hatəmi Tantəkin, Yusif Yusifov, Qiyasəddin Qeybullayev, Tofik Hacıyev, Mahmud İsmayıl, Kamil Əliyev, Firidun Ağasıoğlu, Nizami Xudiyev və s. kimi Azərbaycan alimləri də şərik çıxmışlar” (Tuncay, 2009: 45).

Məlum olduğu kimi “Türküstan Türkləri özlərini Türük adlandırır” ( Əliyarlı,1996: 164). Yenədə qaynaqların göstərdiğinə görə “Erkən orta əsrlərdə Türk adı ilə yanaşı “turukka” (hind qaynaqları), “turruki” (Xotan mətnləri), “druq//druqu” (Tibet qaynaqları) formaları  işlədilmişdir” (Bünyadovun ve Yusifovun Redaktəsiyle, Azərbaycan Tarixi  2005: 82, ayrıca bax:  Kazımov, 2009: 213).

Q. Kazımov’un fikrincə “Turukki sözündəki qoşa k səslərindən biri və sondakı i səsi akkad mixi yazılarında sami dil elementləridir. Assurların dilində bu cür samit qoşalaşması daha çox müşahidə olunur. Bunları atdıqda təbii türk sözü alınır” ( Kazımov, 2009: 347).

Turuk boyları ilə ilgili Mari sənədləri yalnız m.ö. XIX-XVIII əsrləri əhatə edir, ancaq diğər Asur yazılarında Turuk boyları m.ö. XIII əsrə qədər yad olunmuşdur. Onlar m.ö. 1755-ci ildə Babil çarı Hammurapiyə qarşı vuruşmuş, Asur çarı I Adadnirarinin (m.ö. 1307 - 1275) hücumlarına məruz qalmışlar. Beləliklədə  Akkad, Asur və Urartu yazıları Turukları min ildən artıq bir sürə zərfində  Azərbaycanda  yaşayan və buradaki siyasi gəlişmələrdə ciddi şəkildə iştirak edən bir soy olaraq göstərməkdədir.

Bilindiyi kimi bəzi alimlər Türk köçlərinin sadəcə doğudan batıya deyil, tərs istiqamətdə də olduğu, hətta Ön Asyadan doğuya olan Türk köçlərinin daha da əski tarixlərde gerçəkləşdiyi fikrindədirlər.

Qədim Çin mənbələrində Göytürklərin mənşəyi barədə Türklərin öz dilindən qeydə alınan əfsanələrdən biri bu xalqın Qərb dənizinin qərb sahillərindən gəldiklərini bildirməkdədir. Bəzi tədqiqatçıların fikrincə buradaki Qərb dənizindən məqsəd Xəzər dənizi olmuşdur. Göytürklərin mənşəyi ilə bağlı qədim Çin mənbələrində iki rəvayət qeydə alınmışdır. Birinci rəvayətdə deyilir ki Hunlarla eyni soydan olan Göytürklər, Hun yurdunun şimalındakı Su (So) ölkəsindən çıxmışlar. Sərkərdələri Kapan Pu idi və onun 16 qardaşı vardı. qardaşlardan birinin anası boz qurd idi. Bu gənc yellərə və yağışlara hökm edərdi. Göytürklərin düşmənləri bir həmlə ilə qardaşları aradan apardılar. Əfsanəyə görə bu fəlakətdən yalnız bu gənc qurtulmuş və Türk xalqı onun soyundan törəmişdir.

İkinci rəvayətdə isə deyilir ki, ilk Türklər Qərb dənizinin, qərb sahillərində yaşayırdı. Bu xalq Hunların bir bölümü idi və Asina adlanırdı. Bu xalq qonşu xalqlardan biri tərəfindən məhv edilir. Bunlardan yalnız bir oğlan uşağı sağ qurtulur. Bir dişi qurd həmin uşağı tapıb onu  böyüdür və onunla evlənir. Oğlandan hamilə qalan qurd onu götürüb dənizin şərq tərəfinə keçirir və Altaya aparır. Orada dişi qurd 10 oğul doğur. Bu oğullardan Türk xalqı törəyir.

Bəxtiyar Tuncay Çin mənbələrində Türk xalqının mənşəyi ilə bağlı qeydə alınmış bu iki rəvayətdə bəzi önəmli məqamlara diqqət çəkmişdir: “1-ci məqam türklərin ulu babalarının Xəzərin qərbində, yəni Azərbaycanda yaşamış olması faktıdır ki, bu faktı eradan əvvəl 3-2-ci minilliklərə aid akkad və aşşur mənbələri, eləcə də eradan əvvəl 1-ci minilliyə aid Urartu mənbələri təsdiqləyir.

Diqqəti çəkən ikinci önəmli məqam Türklərin 10 qardaşdan törəmiş olması faktıdır ki, bu məlumat da Xəzər xaqanı İosifin yazdıqları ilə üst-üstə düşür. Xatırladaq ki, İosifin sözlərinə görə, Türklər Həzrət Nuhun nəvəsi Toqarmanın 10 oğlundan törəmişlər. Onu da xatırladaq ki, Musa Kağankatlının yazdığına görə, Toqarma Azərbaycanın 4- cü şahı olmuşdur.

Üçüncü maraqlı və son dərəcə önəmli məqam türklərin Su adlı bir ölkədən çıxmış olması faktıdır” (Tuncay, 2009: 46).

Bəxtiyar Tuncay daha sonra Su ölkəsinin harada yerləşdiyi sorusuna cavab axtararkən görkəmli alim Yusif Yusifov’a istinad edir. Y. Yusifov’un fikrincə,  qədim mixi yazılarda “Aratta” bəzən Su ölkəsi adlanmışdır: "Bəzi hallarda Aratta ölkəsinin adı Su ölkəsi mixi işarələri ilə göstərilmişdir. Deməli, Aratta... və Su ölkəsi Urmiya gölü hövzəsində mövcud olmuş geniş bir ərazinin müxtəlif adları olmuşdur. Sular da turukku və lullu tayfa birləşməsinə daxil idilər." (Tuncay, 2009: 47).

B. Tuncay Göytürklərin öz əski vətənləri saydıqları, Su ölkəsinin Azərbaycan ərazisindəki  ən qədim dövlətin yəni Aratta dövlətinin başqa bir adı olduğunu, qədim Akkad, Assur ve Urartu yazılarının bu məlumatı doğruladığını yazir və nəhayət Anadolu ve Azərbaycanın əski sakinlərindən olan Turukku’ların sonraki dövrlərdə doğuya köçərək 6-8 ci əsrlərdə Göytürk xaqanlığını qurduqları fikrini iləri sürür.

Göytürk xaqanlığı ilə bağlı B.Tuncay’ın ileri sürdüyü bu mülahizə biraz mübahisəli və ayrica bir araşdırma mövzusu olsada, mənbələrdə tarix boyunca Türk tayfalarının sadəcə doğudan batıya deyil, bəzəndə tərs istiqamətdə köç etdiyini isbatlayan yetərli  dəlillər mövcuddur.

İşquzlar/ Sakalar

Miladdan öncəki yüzillərdə Azərbaycan xalqının etnik təşəkkülündə önəmli rol oynamış başqa bir soy birliyi qədim Yunan  mənbələrində “Skuz”, İskit**, Asur kaynaqlarında Aşquzay/ İşquzay, Babil mənbələrində İşquzay İran qaynaqlarında Sak/Saka, yəhudi mənbələrində isə "aşquz"  adlandırılan  İşquzlardır. İşquzlar miladdan öncə VIII-VII yüzillərdə Azərbaycanın siyasi və etnik tarixində önəmli rol oynamışlar. Bəzi tarixçilərə görə İşquzlar m.ö. Vlll-Vll əsrlərdə, Orta Asyadan çıxıb, Qafqaz dağlarını aşaraq Azərbaycana gəlmişlər.

Əski Azərbaycan ərazisinin siyasi proseslərində iştirak edən Sakaların, burada qurduqları dövlət, 80 il varlıq sürmüşdür.  Bəzi tədqiqatçıların fikrincə bu dövlətin sərhədləri quzeydə Kür çayının sağ axarından tutmuş (bugünkü Gəncə- Qazax bölgəsi) güneydə Urmiyə gölü sahillərinə qədər uzanırdı. İ. M. Dyakonov’un fikrincə  İşquz çarlığının mərkəzi indiki Gəncə bölgəsini əhatə edən Sakasena  (indiki Şəki) idi. (Qeybullayev, 1994: 120).  İşquzlar, Midiya ərazisini də 28 il boyunca öz  hökmdarlıqlarına daxil etmişlər. Midiyadaki  hökmranlıqlarına son qoyulduqdan sonra, onların bir hissəsi Qara dəniz sahillərinə çekilmiş, böyük bir kütləsi  quzey ve güney Azərbaycanın Urmu gölünə qədər ki ərazisində, Savalan ətrafı, Muğan ve Arazın iki sahilində ve nəhayət ayrı bir kitləsi isə  Akbatan (bugünkü Həmədan) və ətrafı və Mərkəzi Midiya torpaqlarında qalaraq valıqlarını sürüdürmüşlər. (Zehtabi, 578). Beləcədə bu topraqlardaki digər xalqlarla qaynayıb qarışmış, Həmədan bölgəsi və Azərbaycanın etnik tərkibinin bir hissəsini təşkil etmişlər.

Saka/İşquzların dil mənsubiyyəti haqqında tədqiqatçılar arasında fərqli fikirlər vardır. Bəzi tarixçilər onları Qafqaz dilli, bəzi Ariyaist tədqiqatçılar Hind-Avropalı, bəzi alimlər isə onları Türk hesab etmişlər. Məmmədov kimi bəzi alimlərə görə bir boylar konfederasyonundan ibarət olan İşquzlarda, “idarəçi kəsimlə birlikdə ana kütlənin Türk Moğol ünsürlərindən təşəkkül etdiyinə şübhə yoxdur”  ( Mehmetov, 2009: 98).

 

Türk və Azərbaycan tarixçiliyində Sakalar haqqında ətraflı tədqiqatlar aparmış bəzi alimlər, sakaların həyat tərzi,   inanc sistemlərinin analizi və onlara aid özəl adların etimoloji təhlilinə dayanaraq, onların Türk olduqları nəticəsinə gəlmişlər. Sakaların dil mənsubiyyətləri haqqında əski qaynaqlarında kifayət qədər bilgi mövcuddur. “ I yüzilliyin  müəllifləri Pomponi Mela və Pliniy İşquzları Türk dilli hesab etmişlər. V yüzillikdə yaşamış müəlliflərdən  Zozima yazır ki bəziləri İşquzları Hunlar adlandırırlar, Hunların isə Türk dilli olması şübhə doğurmur”. (İsmayıl, 1993: 16). VI. yüzilliyin Bizans tarixçisi Menandr yazır ki “qədimdə Türkləri Saklar çağırırdılar”( İsmayıl,  1993: 17).

Sovet şərqşünası A. N. Bernştam, İşquzların Türklüyü ilə bağlı belə demişdir: “Türk etnogenezinin bilavasitə qidaverici mühiti Hun cəmiyyəti, sonuncuların isə bilavasitə sələfləri İşguz cəmiyəti olmuşdur. İstər Asya istərsə də Avropa Hunları, İşquz kökü üstündə kök atmışdır. Hunları Türklərlə əlaqələndirən nəzəriyyə, İşquzları da Türklər adlandırmağa yol açır” (İsmayıl,  1993: 16-17). Olcas Süleyman isə İş-Quz etnonimini Dədə Qorqud dastanlarındaki İç-Oğuz la eynileşdirir. “Dastana görə Oğuzların 24 tayfası iki iri birliye bölünübmüş iş-oğuz (iç oğuz) ve daş oguz (dış Oğuz)….çox güman ki Türk dilindəki İş-Oğuz Asuriya mətnlərində “iş- quz” şeklində yazılmışdır.semit dillərində “o” samiti düşür. Meselen, ərəblər “Oğuz”u “Quz” kimi yazır ve tələffüz edirlər.” ( Süleymanov, 1993:  224).

Qıpçaqlar və Buntürklər

Bölgənin əski tarixinin tədqiqində Gürcü qaynaqları da bizə son dərəcə əhəmmiyətli bilgilər verir. “XI yüzillik Gürcü qaynağı “Kartli Çarlarının Həyatı” nda bir qıpçaq etnonimi ilə rastlaşırıq. Burada qeyd olunur ki Kür çayı ətrafı məskunları amansız bütpərəst soylar, hansıları ki biz Buntürklər və Qıpçaqlar adlandırırıq” bu sözlər isə Makedonyalı Aleksandr’ın (İskəndərin) yürüşü ilə bağlı olaraq söylənmişdir. Demək miladdan əvvəl IV yüzillik. Necə deyərlər izahata ehtiyac qalmır” (İsmayıl, 1996: 79). Adı çəkilən əsərdə, həmçinin “Kartlinin Dinə Gəlməsi” adlı X yüzilə aid başqa bir Gürcü qaynağında  Türklərin Borçalıda (o kartli adlandırır) İskəndər zamanında, hətta ondan daha öncə Navuhudonossorun Yerusəlimi  (Qüds) dağıtmasından da (m.ö. 586) öncə yaşadıqları,  sadəcə Borçalıda Buntürklərin sayısının 28,000 ailə olduğu yazılmışdır. Ki buda Süleyman Əliyarlınında yazdığı kimi, orta sayla hər ailə  5 nəfər götürülsə 140 min nəfər edər (əliyarlı, 1996: 168).

Gürcü qaynaqlarında qeyd edilir ki İskəndər ııı Dara’nın üstünə gedənde öz yolu üstündə Buntürklərlə qarşılaşmış, onları Kür çayına qədər sıxışdırmışdır. Yeri gəlmişkən Rəhmətlik Dr. Zehtabiyə istinadən Güney Azərbaycanın Güney (Şəbistər) bölgəsində Qıpçaq adlı bir kəndin olduğunuda qeyd etməliyik (Zehtabi, 1378 ş.  483).

“Gürcü bilim adamı Leonti Mroveli’yə görə, Buntürklər Mtsheta yaxınlarında bir yer seçərək oranı inşa etdilər, ətrafına sədlər çəkdilər və bu yer Serkibe adlandırıldı. Bu qaynağın naşiri, S. Y. Takayşvili də Buntürklərin Qafkasya’nın əski sakinləri olduğu görüşündədir. O, buradaki Buntürklərlə Türklərin eynı soydan olduğunu, onların digər bir deyişlə, Turanlı olduğunu yazmışdı. (bax: Əliyarlı, 1996 168, İsmayılov, Sənin Ulun Baban, 1989: 287,    E. Arif (Şıhaliyev), pdf, 5).  M. İsmayıl’ın da yazdığı kimi “Bun”, Türk sözüdür və əsas, xalis mənasındadır.

Kəngərlər

Strabonun (m.ö. I- m.I yüzil) və Plininin əsərlərinə söykənərək, Miladdan öncə Zaqafqazya da və Azərbaycan da yaşamış soylardan Kəngərlərində adlarını çəkməliyik. Böyük kütləsi Naxcıvan- Ermənistan torpaqlarında məskən salan Kəngərləri bəzi tədqiqatçılar  Sak, bəziləri isə Hun soylarından  hesab edirlər. Onlar Sasanilərə  saldıracaq qədər güclü idilər. “IV  yüzil müəllifi Sasanilərin Kəngərlərlə müharibə aparmasından söhbət açır” ( İsmayıl, 1993: 83)  Məlum olduğu kimi Ermənistan, Günəy və Quzey Azərbaycanda Kəngərlərlə bağlı çox sayda toponim (yer adı) vardır. Buna Naxcıvanda Kəngərli, Kəngərlər, Güney Azərbaycanın  Xiyav şəhəri yaxınlarında   və həmçinin  Salmas yaxınlarında iki ayrı Kəngərli toponimini örnək göstərə bilərik.

Maraqlıdır ki qədim mixi yazılarda Sumerlər özlərini Kiengir (kəngər) və kanq adlandırırlar. Bəxtiyar Tuncaya görə bu fakt Sumerlərin Türk-Oğuz mühitindən qopduqlarını və Azərbaycandan köçüb getdiklərini sübut etməkdədir  (Tuncay, 2009: 16).

B. Tuncayın bu fikrini qəbul və ya rədd etmək ciddi bir araşdırma mövzusu olsada, fikrimizcə Sumer-Türk paralelləri,  keçmiş minillərin hanısısa bir zaman kəsiyində,  bu iki xalqın ən azından bir biriylə yaxın qonşuluq münasibətində olduqlarını isbat etməkdədir.

Süleyman Əliyarlı “kanqlı” və “kəngər” etnonimlərinin sinonim olduğunu qeyd edir. Görünür, elə buna görə də Sumer mixi yazılarında “kəngər”adı əvəzinə bəzən “kanq” adı işlənmişdir. B. Tuncay yazır ki: “bu etnonim sonuncu dəfə mixi yazılarda eramızdan əvvəl 2-ci minillikdə yad edilmiş, bundan sonra mixi yazılarda kəngərlər barədə heç bir məlumata rast gəlinməmişdir. Lakin eradan əvvəl  5-ci əsrdə qələmə alındığı məlum olan “Avesta”da “kanqlı etnonimi ilə yenidən üzləşirik ki, həmin kitabda bu etnonim turanlıların,yəni türklərin sinonimi kimi işlənir” (Tuncay, 2009: 34). Yeri gəlmişken deyək ki BəxtiyarTuncayın Avestanın qələmə alınması ilə bağlı qeyd etdiyi tarix,  bizcə şübhəli bir təsbitdir. Umumiyetlə son zamanlarda Avesta ilə bağlı İran tarixçiliyində çoxlu mübahisələr getməkdə və ziddiyyətli görüşlər iləri sürülməkdədir. Görünən o ki uzun zamandan beri tariximizə yamanmaya çalışılan Avesta və Zərdüştizm məsələsi yeni və ciddi araşdırmalar tələb etməkdədir.

Orta əsr qaynaqlarında kəngərlərlə oğuzlar birlikdə yad edilmişdir. ”Məsələn,10-cu əsr salnaməçisi  Konstantin Baqryanorodny oğuz tayfalarından olan beçənəklərin bir hissəsinin Kanqar, yəni kəngər adlandığını bildirməkdədir. Qiyasəddin Qeybullayevin yazdığına görə, kanqlı tayfasının oğuz-Səlcuq birləşmələrin də yer aldığı qeyd edilmişdir. Moravçikin də fikrincə, oğuz-beçenek tayfasının bir qismi kanqlı adlanmışdır” ( Tuncay, 2009: 35).

Tarixi mənbələr kəngərlilərin adını Azərbaycanla bağlamaqdadır. Məsələn Erməni mənbələrinin birində deyilir ki, 482–ci ildə erməni və İber ordusu Kəngərlər ölkəsində Sasani ordusu ilə müharibəyə girişmişdilər. “7-ci əsr Erməni coğrafiyası” adlı əsərdən belə məlum olur ki, Göyçə gölündən şimala yerləşən torpaqlar Kəngərlər ölkəsi adlanmışdır ( Tuncay, 2009: 35).

Kalankatlı Mosesin “Alban Tarixi” əsəri VII yüzilə aid edilməkdədir. Bəzi tədqiqatçıların fikrincə bu əsər VII yüzildə  Azərbaycanda Türkcenin artıq umumxalq danışıq dili  kimi mövcud olduğunu göstərən ən önəmli mənbədir. Bu əsərdə çox sayda Türkcə söz gözə çarpmaqdadır. Əsərdə Azərbaycan Türkcəsində işlədilən adi sözlərlə yanaşı xan, xaqan, xatun, tərxan, təkin, türkan kimi rütbələrin, Eyləntürk, Bulqar, Onoqur, Hunoqur, Hun, Xəzər, Ağ xəzər, Peçənəq və s. kimi etnonimlərin, Avcı, Alp, Qazan, Qonaq kimi antroponimlərin, Hunestan və Türkistan kimi toponimlərin öz əksini tapması bunu isbatlamaqdadır. (İsmayıl, 1993: 96).

Ərəb Qaynaqlarına Görə Azərbaycanda Türklər

Ərəb qaynaqları əski Azərbaycanın tarixi haqqında önəmli və diqqətə layiq bilgilər verməkdədir. Bu qaynaqlarda islamdan öncə hətta miladdan öncəki dövrlərdə Azərbaycanda Türklərin yaşadığı qeyd edilir. Təbəri, özünün Tarix kıtabında, Kiyani sülaləsi (Əhəmənilər qəsd edilir) padşahı Mənuçehr’dən danışarkən Yəmən padşahı Raiş’in Musul və Azərbaycana hücum etdiyini və orada Türklərlə qarşılaşdığını yazır.

Hişam ibin Kəlbi’yə görə Raiş… Mənuçehr zamanında  Yəmən padşahı idi,…Raiş Hindistan’a hücum etdi, öldürdü, əsirlər və qənimətlər aldı, Yəmənə döndü, (daha sonra m.) Təy dağı və ənbar üzərindən Musul’a hücum etdi, Onun ordu başçısı Şimr ibn Attaf Azərbaycanda höküm sürən Türklərə hücum etdi, çox sayıda (onlardan m.) öldürdü, əsir aldı, bu hadisəni iki daş üzərinə yazdırdı ki bu daşlar Azərbaycanda məşhurdur” (Təbəri, çevirən: Ə. Payəndə, c.1, 1375: 293).

Türklərin Azərbaycanda yaşadığını qeyd edən ən əski ərəb qaynaqlarından biri İbn Hişam’ın (ö. 218/833) Kitâbü't-Tîcân fî mülûki Himyer adlı  əsəridir. İslamdan öncə Yəməndə dünyaya göz açmış, Muaviyə dönəminin bilgili və təcrübəli yaşlılarından olan Übeyd ibn Şəritənin  (ö. 65/685) verdiyi bilgilər bu kitabda yer almışdır. Muaviyə Ubeydi Dəməşqə dəvət edərək ərəb şahları haqqında ondan bilgi istəmiş, və bu bilgilərin yazıya alınmasını əmr etmişdir. Bu bilgilər daha sonra İbn Hişam’ın yuxarıda  adını çəkdiyimiz  əsərində əksini tapmışdır.

Ət-Ticânda Ubeyd’in Muaviyə ilə söhbətləri sırasında iki səfər Azərbaycandan danışılır. İlk  səfərində Übeyd, Yəmən kralı Raişın  Musula  hücum etdiyini, oradan isə öz sərkərdələrindən Şimr ibn alqəttaf’ı 100 minlik ordu ilə Azərbaycana göndərdiyini, Şimr’in Azərbaycana girdiyini, bu ölkənin savaşçılarını öldürüb uşaqlarını əsir aldığını, və bu hadisəni iki daş üzərində yazdırıb geri döndüyünü, bu daşların hələdə Azərbaycanda mövcud olduğunu anladır. Bu məqamda Muaviyə ondan Azərbaycan haqqında məlumat verməsini istəyir, Ubeyd isə “Azərbaycan Türk topraqlarındandır və Türklər orada məskundurlar” ( İbni Hişâm,  1347 h: 402)  deyə cəvab verir.

Bu xəbəri İbn Əsir, Təbəri və Bəl’əmi də (Təbəri Tarixinin Farsca tərcüməsi olan Bəl’əmi tarixində) əsərlərində qeyd etmiş, hər üç tarixçi də  Şimr’in Azərbaycana hücum etdiyini, burada Türklərlə qarşılaşıb, onlarla savaşdığını yazmışlar. İbn-i Əsir öz əsərində Raiş’in Azərbaycana hücumu haqqında belə demişdir: “Raiş…Mənuçehr zamanında Yəmən kralıydı….Musula hücum etdi, oradan sərkərdələrindən Şimr İbn-i Al attaf’ı (Azərbaycan’a) göndərdi, onlar Azərbaycanda Türklərə hücum etdilər, onlardan çoxunu öldürdülər, əsir aldılar, hadisəni  iki daş üzərinə yazdılar, bu daşlar Azərbaycanda məşhurdur”  ( ibni Hişâm, 1347 h: 128). Maraqlıdır ki Seyid Hüseyn Ruhaninin Farscaya tərcümə etdiyi Əlkamil əsərinində yuxarıda qeyd edilən “Azərbaycan’da Türklərə hücum etdilər” ibarətindəki “Türklər” kələməsi çıxarılmış, beləcə də  orijinal mətn təhrifə uğramışdır. (İbn-i əsir, Tarix-e Kamel, Tər: H. Ruhani, 1383 h: I. c. 189).

İbn-i Əsir, Təbəri və Məsudinin əsərlərində qeyd edilir ki Yəmən kralı Raiş, İranın Kiyani sülaləsi padşahlarından Mənuçehr zamanında yaşamışdır. Bu tarixçilər, Raiş’in Azərbaycana Hücum etdiyi və orada Türklərlə savaşdığı xəbərini əsasən Kiyani padşahı Mənuçehr’in şahlığı dövründən danışarkən bir epizod kimi qeyd etmişlər. Yəni əsas mövzu Mənuçehr və onun dövrüdür. Onun dönəminin bəzi hadisələri qeyd edilərkən, Raiş’in Azərbaycana hücumuda o dövrün bir hadisəsi kimi anladılmışdır. Məlum olduğu kimi İslami dönəmin ərəbcə və  farsca qaynaqlarındaki “Kiyani” sülaləsindən məqsəd Əhəmənilər olmuşdur. Bu, o deməkdir ki adları çəkilən qaynaqlara görə  Əhəmənilər dönəmində Azərbaycanda Türklər yaşayırdılar. Yalnız bu rəvayətlərdə  Raişin oğlunun adı əbrəhə olaraq qeyd edilir. Əbrəhə’nin isə 533-34-cü illərdə Yəmən kralı olduğu, və Məkkəyə hücum etdiyi rəvayətindən, yola çıxaraq, bəzi tədqiqatçılar, Raiş’in Azərbaycana hücumunun VI yüzilin ilk rübündə gerçəkləşdiyini düşünməkdədirlər, lakin məsələni belə başa düşmək, bu qaynaqların ruhuna ziddir, çünki belə olduqda,  adı keçən qaynaqlarin, Raişin  Azərbaycana  hücumunu  israrla Kiyani dönəmi ilə əlaqələndirmələri mənasız və havadan asılı qalır. Qaldı ki orta çağ Ərəb qaynaqlarında ki bu rəvayətlər, yuxarıda da bəhs etdiyimiz qədim Gürcü, Erməni, qaynaqlarının Azərbaycan da iskəndərdən öncəki dönəmlərdə belə Türklərin yaşadığına dair verdikləri bilgiləri t’əid etməkdədir. Daha da önəmlisi qədim ərəb qaynaqlarında ki bu rəvayətlər qismən əfsanəvi olsa da, İslam öncəsi ərəb toplumunda Azərbaycanın Türklərlə məskun olduğu inancı və bu torpaqların Türklərlə əlaqələndirilməsi öz özlüyündə son dərəcə əhəmiyyət təşkil edən və diqqətə layiq bir məqamdır.

Yenə də  Ət-Ticân əsərinə dönəcək olursaq, bu əsərin başqa bir yerində Ubeyd bu səfər Yəmən krallarından  Təb’ ər-raid’in  Azərbaycana hücum etdiyini izah edir: “(Təb’ ər-raid) muharibəni gecikdirdi, dolayısıyla Türklər və Xəzərlər sözlərindən döndülər.  Bu səbəbdən Təb’ ər-raid… , (daha öncə m.) Raişin onlara (Türklərə m.) hücum etdiyi Təy dağından onlara doğru hərəkət etdi, Azərbaycan və Musul sərhədlərində onlarla qarşılaşdı,…müharibə bir neçə gün davam etdi, sonunda Raid Türkləri məğlub etdi, onların savaşçılarını öldürdü, uşaqlarını əsir aldı, daha sonra onların şəhərlərini viran etdi və onları məğlub və təhqir etdikdən sonra öz ölkəsinə geri döndü.

Bu məqamda Muaviyə: “Türk və Azərbaycan nədir”?  deyə soruşdu.

Ubeyd: ey əmir əl- müminin bu onların (Türklərin) ölkəsidir. Deyə cəvab verdi. Muaviyə “Ubeyd bunu haradan bilirsən”? deyə soruşdu. Ubeyd: “bu məsələ mənim üçün önəmli idi, dolayısilə bizim tərəflərə gələn bir əcəmdən bu məsələ haqqında soruşdum, ayrıca oralara muharibəyə getdim və savaşdım….” ( İbni Hişâm,  Kitâbü't-Tîcân 1347 h: 435-436)   deyə cavab verdi.

Yenə də Ərəb qaynaqlarından “Məhəmməd Ufi”nin (hicri VI yüzil sonu VII əsr ortaları) qələmə aldığı “Cəvami’ul Hikayat və Ləvami- ur-rəvayat” adlı əsərdə islam xəlifəsi Ömər zamanında (101-99 h.) Azərbaycanda iyirmi min Türkün üsyan etdiyi, Ömərin isə “Əmru Hatəm Rəbii” adlı bir sərkərdəni ordu başçılığında Azərbaycana göndərdiyi, onun üsyanı basdırdığı qeyd edilmişdir. (Rəisniya, 1379 Ş: II. c.  903-904).

SONUÇ

Göründüyü kimi tarixi mənbələr miladdan əvvəlki dövrlərdən etibarən Qafqasya ve Azərbaycanda Türk soylarının yaşadığını isbatlamaqdadır. Türklərin bu bölgələrə sonradan gəldiyini, Azərbaycan Türklərinin sonradan Türkləşmiş ariyanlar olduğunu iddia edən konsepsiyalar, əsasən sömürgəçi güclər tərəfindən, Azərbaycan Türklərinə öz keçmişini unutdurmaq, onu əritmək və yox etmək amacıyla  ortaya atılımışdır. Xüsusiylədə son zamanlarda İranda sistemli bir şekildə gündəmdə tutulan bu konsepsiyalar elmi dəyəri olmayan və sadəcə siyasi məqsədlərlə uydurulmuş iddialardan ibarətdir.

* Araşdırmamızda yer almazsada,  miladdan öncəki minillərdə Azərbaycanda yaşamış ərəttəliler, Quttilər, Lullubilər, Mannalılar və Madaylar kimi xalqların, prototürk-Türk    olduqları ehtimali üzerine iləri sürülmüş ciddi görüşlərin olduğunu xatırlatmalıyıq. Ayrıca  bəzi alimlərin, Sumer – Türk paralellərine söykənərək ,  Sumerlərlə Türklərin münasibətləri  haqqında iləri sürdükləri diqqətə layiq mülahizələrın olduğuda  unudulmamalıdır.

** İskit Adı əslində Herodotdaki Skuz ve Skuzay adının yanlış tələffüzündən meydana gəlmişdir. Herodotun əsərinin İngilizcə tərcüməsində Bu ad “Scyth”, Rusça tercüməsində isə “Skif” biçimində yer almışdır. Batı versiyonundan Türkçəyə “İskit”  şəklində geçmişdir. Halbuki Herodotun İstifadə etdiyi şekli ile “Skuz/ Skuzay” forması mühtəmələn onun Ortadoğu qaynaqlarında (Asur ve İbrani) duymuş olduğu “Askuzai/ İskuza” oxunuşu ilə eynidir  (Bax: Məhmətov, 2009: 97).

 

 

QAYNAQÇA

 

AĞASIOĞLU, Firidun. (2000). Azər Xalqı, Azərbaycanda Qurulan Quti Dövlətinin 4200 İlliyinə Ərməğan.  Bakı: Çaşıoğlu Nəşriyyat.

BÜNYADOV, Ziya. M. və YUSİFOV, Y. B. (Der.) (2005). Azərbaycan Tarixi.  1. Cild. Bakı: Çıraq Nəşriyyatı.

CƏFƏROV, Nizami. Azərbaycanşünaslığa giriş. Bakı, AzAtaM, 2002.

ƏLİYARLI, Süleyman. (1996). Azərbaycan Tarixi.  Bakı: Azərbaycan Nəşriyyatı.

İBN-İ ƏSİR, İzzəddin. (1383 H.K.) Tarix-e Kamel. Çev: H. Ruhani. 3. Basqı, 1. Cild.  Tehran: Əsatir Nəşriyyatı.

İBN-İ CƏRİR, Təbəri. M. (1375 H.Ş.). Tarixe Təbəri. Çev: Ə. Payəndə, 1. Cild. 5.Basqı. Tehran:  Esatir Yayıları

İBN-İ ƏSİR, İ. (1987). Əl-kāmil Fī t-ta’riX. 1. Cild. Beyrut: Yayınevi:   Dar-ul Kütüb-i İlmiyyə

İBN-İ ƏSİR, İ. (1383 H.K.). Tarix-e Kamel. Çev: H. Ruhani, 3. Basqı. 1. Cild. Tehran: Əsatir Yayınları.

İBN-İ HİŞAM, Ə. M. Abdülmelik. (1347 H.K.).  Kitâbü't-Tîcân Fî Mülûki Himyer. Heydərabad:

İSMAYIL, Mahmud. (1993). Azərbaycan Tarixi.  Bakı: Azərbaycan Dövlət Nəşriyyatı.

İSMAYILOV, Mahmud. (1989).  Sənin Ulu Baban.  Bakı: Azərnəşr.

KAZIMOV, Q. (2009). Azərbaycan Dilinin Tarixi. Bakı: Ağ Bağlantısı: bao.az/.../Q_Kazımov-Azərbaycan%20dilinin%20tarixi%20(YENİ).d...  (Erişim: 19.01.2013).

QEYBULLAYEV, Qiyaseddin. (1994) Azərbaycan Türklərinin Təşəkkülü Tarixindən.  Bakı: Azərnəşr

MEHMETOV, İsmail. (2009). Türk Kafkasında Siyasi Ve Etnik Yapı. Çev: Ekber N. ve Necef Şamil Necefov. İstanbul:  Ötüken Yayıları.

SÜLEYMANOV, Oljas. (1993).  Az- Ya.  Bakı: Azərbaycan Dövlət Nəşriyyatı.

TUNCAY, Bəxtiyar. (2009).  Sakların Tarixi, Dili və Ədəbiyyatı. Bakı: Ağ Bağlantısı: bextiyartuncay.files.wordpress.com/.../saklarin-tarixi-dili-ve-edebiyy..

RƏİSNİYA, Rəhim. (1379 H.Ş.). Azərbaycan Dər Seyr-e Tarix-e İran. 2. Cild. Təbriz: Məbna Yayınları.

ŞIHALİYEV, Emin Arif. (2005). “Ermenilerin Kimliyi ve  Büyük Ermenistan Efsanesi Rus Ve Ermeni Kaynaklarına Göre”. Ankara Üniversitesi Osmanlı Tarihi Araştırma ve Uygulama Merkezi Dergisi (OTAM). Sayı: 17. Ağ Bağlantısı: http://dergiler.ankara.edu.tr/dergiler/19/19/33.pdf (Erişim: 09/09/2012).

 

ZEHTABİ, Məhəmməd T. (1378 H.Ş.). İran Türklərinin əski Tarixi.  Təbriz: Əxtər Yayınevi.

 

                                                Bu mail adresi spam botlara karşı korumalıdır, görebilmek için Javascript açık olmalıdır