Azerbaycan Milli İstiqlal Mücadilesi- Sekkizinci Bölüm

Hüseyn Baykara

Çar Rusiyası yaponlarla müharibədə məğlub olduqdan sonra ölkənin hər yehində ruslarla bərabər, azlıq təşkil edən əsir millətlər də üsyan edirdilər. Çar xalqı sakitləşdirmək üçün hüquq və azadlıq vəd edən fərmanlar verirdi. Bu fərmanların heç biri çar və başda Pobedonostsev olmaqla onun saray əyanları, nazirləri tərəfindən həyata keçirilirmirdi. Verilən fərmanların ikisini aydınlaşdırmaq istəyirik.


RUSİYA MÜSƏLMANLARI İTTİFAQI
PARTİYASININ QURULUŞU
Çar Rusiyası yaponlarla müharibədə məğlub olduqdan sonra ölkənin hər yehində ruslarla bərabər, azlıq təşkil edən əsir millətlər də üsyan edirdilər. Çar xalqı sakitləşdirmək üçün hüquq və azadlıq vəd edən fərmanlar verirdi. Bu fərmanların heç biri çar və başda Pobedonostsev olmaqla onun saray əyanları, nazirləri tərəfindən həyata keçirilirmirdi. Verilən fərmanların ikisini aydınlaşdırmaq istəyirik.1905-ci il 6 avqust tarixli Dövlət Duması qurulmasına dair manifestin əvvəlində bir çox şablon sözlər təkrarlandıqdan sonra, “1906-cı il yanvar ayının ortalarından gec olmayaraq Dumanın çağırılacağı bildirildi” (M.C.Biqi. İslahat əsasları, səh. 188-189).Həqiqətdə xalq çar rejiminin aciz vəziyyətə düşmüş olduğunu anlayır və başa düşürdü. Doğrudan da bu belə idi... İnqilab geniş vüsət almışdı. Şəhərdə 120-dən çox qırğın baş vermiş və qarşısı alınmayan maneələr ortaya çıxmışdı. Varlıların mülkləri talan edilmiş, ən gözəl tarixi abidələr dağıdılmış, hüquqdan əsər-əlamət qalmamış, xalqın da əsəbləri pozulmuşdu.Belə bir vəziyyətdə 1905-ci il oktyabrın 17-də azadlıq haqda manifest verildi. Bu manifestdə də eyni sözlər təkrarlanırdı. Ancaq manifestin ana xətləri aşağıdakı kimi idi:
1 – Dövlət Dumasının qanun tərtib etmək və hökümətə nəzarət etmək hüququ qəbul edilir. 17 oktyabr manifestinə uyğun gəlməyən qanunları qəbul etməmək səlahiyyəti də Dumaya verilir.
2 – Xalqa tam mənası ilə bütün hüquqlar verilir. Xalqın bütün hüquqları müqəddəs sayılacaq və bu hüquqlar heç bir vəchlə, heç bir vəzifəli şəxs tərəfindən pozulmayacaq.
3 – Seçmək və seçilmək hüququ verilir. Şəxsiyyət və cinsiyyət fərqi qoyulmadan hər kəs seçmək və seçilmək hüququna malik olacaq.
4 – Kabinet üzvləri olan nazirlərin hər hansının qanunsuz davranışına bütün kabinet cavabdeh olacaq.
Bu vəziyyətə görə mütləq və qəddar çar rejimi məşrutəli demokratik bir şəkil alırdı. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi nə çar, nə də onun sadiq nazir və generalları, nə də idarə başında duran yüksək vəzifəli məmurlar manifestin əsaslarına riayət etmir və yerinə yetirmirdilər.“Belə bir şəraitdə 1905-ci il səkkiz aprel tarixində Peterburqda Rəşid əfəndinin evində Əlimərdan bəy Topşubaşov, Əhməd Ağayev, Əli bəy Hüseynzadə, Alim əfəndi Maksud və Binyəmin əfəndi Ədhəm toplandılar. Toplantının mövzusu bütün Rusiya müsəlmanları üçün müştərək siyasi bir heyət qurmaq məsələsi idi” (M.C.Biqi, səh. 162). Bir neçə gün sonra Krımdan gələn İsmayıl Qaspralı yuxarıda qeyd etdiyimiz şəxslərlə görüşərək onlarla həmfikir olduğunu bidirdi.“Rusiya müsəlmanları ittifaqı”nın birinci qurultayı 1905-ci il mayın 20-də Peterburqda Zakir həzrətin qızı Aliyə xanımın nigah mərasimində toplanmışdı. Yuxarıda qısa da olsa anlatdığımız çar tərəfindən verilən azadlıq (?) manifestinə baxmayaraq rus idarəsində çalışan məsul şəxslər, əsarətdə yaşayan türklərin konqres halında toplanmasına izn verməmişdilər. Hər dəfə qurultay təşkilatçıları müxtəlif yerlərə müraciət etmək məcburiyyətində qalmışdılar. Onun üçün də qurultay ancaq nigah mərasimində həyata keçirilmişdi. Bütün bu toplantıların ağırlığı kazan türklərindən Rəşid əfəndi İbrahimov ilə azərtürklərdən Əlimərdan bəy Topçubaşovun üzərinə düşmüşdü. Aliyə xanımın toy mərasiminə Rəşid əfəndi bütün türklərin nümayəndələrini dəvət etmişdi. Nümayəndələr Peterburqa gələrkən elə zənn edirdilər ki, şəhərin valisi toplantı keçirməyə icazə verəcək, lakin göstərilən səylər bir nəticə verməmişdi. Peterburq müftisi və knyaz Çingiz adlı bir avantürist toplantını sabotaj edərək qırğız nümayəndələrini geri göndərməyə çalışdılar. Ona görə də nümayəndələr toy marəsimində toplanmağa məcbur olmuşdular. Rəşid əfəndi məclisi açmış və çox gözəl, mənalı nitq söyləmiş, hətta bu zaman özlərini saxlaya bilməyib ağlayanlar da olmuşdu.Uzun və mübahisəli keçən müzakirələrdən sonra gələcək qurultayın toplanmasına və o vaxta qədər “Rusiya müsəlmanları ittifaqı” partiyasının proqram layihəsinin hazırlanmasına qərar verildi. İkinci qurultay Murtuza əfəndi Vahabın evində verilən böyük bir ziyafətdə toplanmışdı. Bu arada Bakıda “Həyat” qəzeti nəşr olunmağa başlamış və Peterburqda toplanan qurultay haqqında oxuculara ətraflı məlumatlar vermiş və Rəşid əfəndi də qəzeti üçün təsirli məqalələr yazmışdı. Qurultayda Əlimərdan bəy Topçubaşovun söylədiyi nitq çox böyük tarixi əhəmiyyət daşıyır.“Rusiya müsəlmanları ittifaqı” partiyasının ikinci qurultayı Peterburqda Həsən əfəndi Həbibullahın evində qurban bayramı münasibətilə 200 nəfərə yaxın adamın iştirakı ilə davam etdi (22 yanvar 1906-cı il). Mübahisəli şəraitdə keçən bu qurultayda İsmayıl Qasparlı sədr seçilsə də öz namizədliyini geri götürmüş, onun yerinə Əlimərdan bəy Topçubaşov sədr seçilmişdi. Nümayəndələr Əlimərdan bəyin “İttifaq” üçün hazırladığı layihəni sevinclə qəbul edib, bəzi çatışmazlıqların gələcək qurultayda aradan qaldırılmasını qərara aldılar. Bu toplantının keçirilməsinə çox böyük səylərdən sonra daxili işlər naziri Bulıgin də izn verdi (M.C.Biqi, səh. 212-213).Hər il Nijni Novqorod şəhərində ticarət yarmarkası keçirilirdi. Rusiyanın hər yerində ticarət edən türklər də bu yarmarkada iştirak edirdilər. Onlar burada əsarətdə yaşayan xalqlarla daha yaxından tanış olur, ağır həyatlarından bir-birilərinə söhbət açırdılar. Bilirik ki, xalqların bir-birini yaxından tanımalarında ticarət münasibətlərinin böyük rolu vardır. Bu səbəbdən türklər üçüncü qurultayı avqustun ortalarında Nijni Novqorod şəhərində yarmarka dövründə keçirməyi qərara aldılar. Çar tərəfindən bir yığın hürriyyət manifesti verildiyinə baxmayaraq əsarətdə yaşayan türklərə toplantı hüququ verməyən və tanımayan çarın valilərindən qurultayı pərdələmək mümkün olacaqdı. Bu belə də oldu. Avqustun ortalarında yarmarkaya başqa millətlərlə yanaşı türk xalqlarının da nümayəndələri gəlmişdi.Avqustun 14-də Əbül Suud əfəndi Əhmədov Nijni Novqorod şəhər valisinin yanına gedir və toplantı üçün icazə istəyir, vali isə bu təklifi rədd edir. Beləliklə, toplantı üçün icazə ala bilməyəcəklərini başa düşən təşkilatçılardan Rəşid əfəndi ilə molla Carulla Akçurin qərara gəlirlər ki, on iki saat müddətinə bir gəmi kirayə etsinlər və çayda gəzinti adı altında öz qurultaylarını keçirsinlər. Onlar gəmi kampaniyasına gedərək avqustun 15-i üçün gəmi sifariş edirlər.Rəşid əfəndi səhər tezdən yüzlərcə adamın yeməyini gəmiyə yüklətdirir. Nümayəndələr saat səkkizdən sonra gəmiyə minməyə başlayırlar. Saat 9 radələrində çarın gizli xəfiyyələri gəmini yoxlasalar da bir şey başa düşmürlər. Gəmi saat 10-da limandn ayrılmalı idi, amma vəziyyəti belə görən Rəşid əfəndi vaxtından 10 dəqiqə tez gəmini yola düşməsi üçün kapitana əmr verir və nümayəndələrin bir qismi kiçik gəmilərlə arxadan gəlirlər. Konqresdə olan 200 nümayəndə ilə yanaşı gənc sosialistlərdən də dinləyici sifəti ilə iştirak edənlər olmuşdu.Saat 10-da başlayan qurultay fasiləsiz on üç saat davam etdi. Qurultaya Əlimərdan bəy Topçubaşov rəhbərlik edirdi. Əlimərdan bəy hüququ gözəl bilən, özünəməxsus siyasi biliyə və təmkinə malik bir ziyalı idi. Rusların əsiri olan türklərin siyasi tarixində çox böyük əhəmiyyəti olan bu iki sənədin qiymətləndirilməsinə bundan sonrakı yazılarımızda yer verəcəyik (M.C.Biqi, səh. 166-172).“RUSİYA MÜSƏLMANLARI İTTİFAQI”
XALQ PARTİYASININ PROQRAMI
I
Siyasi məqsədlər
1 – “İttifaqın” məqsədi zamanın, vəziyyətin vacibliyinə, həm də bu proqramın maddələrinə müvafiq surətdə siyasi, iqtisadi, ictimai, dini işləri islah etmək üçün həmfikir Rusiya müsəlmanlarını əməli işdə birləşdirməkdir.2 – Siyasi, mədəni həyatların nizamlarını hürriyyət, haqq və insaniyyət əsaslarına görə həyata keçirmək üçün xalqların hamısına, müsəlmanlara da mədənilik, insanlıq hüquqlarını vermək, həm də dövlətin idarə üsullarını qanun əsasında təşkil etmək, yəni dekret, idarə, hökm vəzifələri, məhkəmə xalq vəkillərinin əlində olması lazımdır.II
Əhalinin hüququ
3 – Bütün əhali, cinsindən, dinindən, qəbiləsindən, millətindən asılı olmayaraq qanun qarşısında bərabərdir.
4 – Sinfi imtiyazlara, dinlərə, millətlərə aid qanun məhdudiyyətləri, istisnaları tamamilə ləğv olunur.
5 – Qanun çərçivəsində hər bir adamın şəxsiyyəti toxunulmazdır, azaddır. Hakimin dövlət qanunlarına müvafiq hökmü olmadıqda heç kim həbs edilə, məhkum oluna, cəzalandırıla bilməz. Əgər həbs olunarsa, şəhər məhkəməsi tərəfindən 24 saat ərzində, amma başqa yerlərdə iki gün ərzində azad olunur, yaxud məhkəmənin ixtiyarına verilir. Nizamnamədə göstərilən müddətdən çox, yaxud əsassız yerə həbs olunan şəxs onu həbs edənləri məhkəməyə vermək və ona dəyən zərəri dövlət xəzinəsindən tələb etmək hüququna malikdir.
6 – Hər bir adamın mənzili toxunulmazdır. Xüsusi mənzillərə iznsiz girmək, əşyaları yoxlamaq, məktubları açmaq yalnış qanunda göstərildiyi kimi, məhkəmənin qərarı olduqda icazə verilir.
7 – Hər bir adamın mülkü müqəddəsdir. Həmin mülkün dəyəri ödənilməsə heç bir adamın şəxsi mülkü əlindən alına bilinməz.
8 – Ölkənin daxilində istədiyi yerdə yaşamaq, xarici ölkələrə səfər etmək xüsusunda hər bir şəxs azaddır. Pasport rejimi, təbəəlik məcburiyyəti ləğv olunur.
9 – Qanun çərçivəsində hər cür sənət və ticarətlə məşğul olmaq azaddır.
10 – Bütün adamlara qanun qarşısında səlahiyyətlərinə görə mülki, hərbi məmuriyyətlərdə, dövlət və ya digər idarələrdə çalışmaq üçün heç bir fərq qoyulmur.
11 – Hər bir insanın vicdanı, dini ibadətləri azaddır, möhtərəmdir, qanun himayəsilə təmin olunur.
12 – Din, vicdan azadlığı kimi, hər bir adamın fikri də, sözü də, danışığı da, yazı da, nəşriyyat da azaddır. Mətbuatda olan bütün nəzarətlər aradan qaldırılır. Sözdə, yazıda, nəşrdə qanun hüdudundan çıxmış adamlar yalnız məhkəmə qarşısında məsul ola bilər.
13 – Hər yerdə, açıq meydanlarda, evlərdə toplanmaq, toplantıya dəvət olunmaq ixtiyarına hər bir adam malikdir.
14 – Hər bir adam icazə olmadam ittifaq, şirkət yarada bilər.
15 – Hər bir adam, hər bir şirkət istədiyi xüsusda sorğu vermək, ərizə təqdim etmək hüququna malikdir.
16 – Bu fəsildə göstərilən mülki hüquqlar dövlətin “Əsas qanunları”nda təsbit edilib məhkəmə himayəsilə təmin olunur.
III
Dövlət quruluşu
17 – Rusiya üçün bu gün ən münasib dövlət quruluşu “İttifaqın” rəyinə görə həm qanun, həm də parlament əsasları ilə təmin olunacaq monarxiyadır. Belə monarxiyada monarxın həm hüququ, həm hakimiyyəti “Qanun əsası” ilə təhdid olunur: Dövlət Dumasının qoyduğu qanun əsası ətrafında cərəyan edər və həmin qanuna əməl olunar. Vəkillər monarxa nəzarət edərlər.
18 – Xalq vəkilləri – Rusiyada yaşayan bütün xalqlara aid olmaq şərti ilə - Dövlət Duması, yaxud Rusiya parlamenti ismində olacaq, yalnız bir məclis olaraq təşkil ediləcək, vəkillər ümumi, gizli, bərabərlik prinsipi ilə seçiləcəkdir, müsəlmanların vəkilləri əhalinin ümumi sayı ilə mütənasib olacaq.
Qeyd: Qadınların da iştirak etməsini nəzərə alaraq seçki qanunları bu xüsusda hazırlanacaqdır.
19 – Vəkillər qanun tərtib edə bilər, dövlətin gəlirini və məxaricini tərtib edə bilər, böyük və kiçik idarələrin xidmətlərinə nəzarət edərlər.
20 – Vəkillər qanun tərtib etmək hüququna malikdirlər.
21 – Qərar, sahiblik, əmr, fərman kimi işlərin heç biri vəkillər heyəti tərəfindən qəbul edilmədiyi təqdirdə, qanun qüvvəyə minə bilməz.
22 – Vergilər, gömrüklər, dövlət ehtiyacları üçün alınacaq istiqrazlar nazirlər heyətinin razılığı olmadan alına bilməz.
23 – Dövlət büdcəsi bir ildən ziyadə olmamaq şərti ilə nazirlər heyətinin razılığı ilə təyin olunur. Gəlir və məxaric istisnasız olaraq mühasibatda qeyd olunur.
24 – Vəkillər heyəti arasından seçilərək monarx tərəfindən qəbul və təsdiq ediləcək nazirlərin hər biri öhdələrinə düşən işlər üçün vəkillər heyəti qarşısında məsuldur. Vəkillər lazım gələrsə nazirlərindən izahat və açıqlama tələb edə bilərlər.
IV
Dini qaydalar
25 – Bütün dinlər, bütün məzhəblər hürr, qanun qarşısında bərabər, hökümət nəzarətindən azad olur. Hər din möhtərəmdir. Dinlər, etiqadlar içində dinləri, məzhəbləri təbdil və ya tərk etdikdə heç bir surətdə təqib ola bilməz. Əgər cəza qanunlarına zidd deyilsə ibadətləri yerinə yetirmək olar. Həmçinin məzhəb təlimlərini nəşr etdirməkdə hər bir insan azaddır.
26 – Hər bir xalqın dini, dinlərinə münasib daxili qaydaları özlərinin ixtiyarında olub hökümət müdaxilə edə bilməz.
27 – Rusiya müsəlmanlarının ixtiyarında olan haqq və hüquqları:
1) Bir nəfərdən və ya bir heyətdən ibarət ruhaniyyə idarəsi inşa etmək;
2) Bütün ruhaniləri xalqın arzusu ilə müvəqqəti və ya ömürlük seçə bilmək;
3) Ruhanilərin, dini müəssisələrin bütün işlərinə nəzarət hüququnun xalqın əlində olması;
4) Məscidlər, məktəb və mədrəsələr, xeyriyyə müəssisələri müsəlmanların ixtiyarına verilir və bunların bütün sahibliyi müsəlmanların əlində qalır.
V
Məhəlli muxtariyyət
28 – Ölkənin hər yerində cinsi, dini fərqi qoyulmadan ümumi, bərabər, gizli seçkilə kiçik muxtariyyətlər təsis olunur.
29 – Bir neçə kiçik muxtariyyətlər toplanıb əhalinin sayına, ərazinin böyüklüyünə görə orta muxtariyyətlər yarada bilərlər. Orta muxtariyyət nümayəndələrindən vilayət məclisi qurulur. Vilayət məclisləri müvəqqəti və ya daimi ittifaq yarada bilərlər.
30 – Məhəlli muxtariyyətin bütün işləri, hətta təhlükəsizlik, asayiş polisi də muxtariyyət idarələrinin əlindədir. Amma bu günkü vəziyyəti nəzərə alaraq dövlətin əlində toplanan bəzi işlər istisna edilir. Dövlətin ümumi gəlirlərindən bir qismi məhəlli muxtariyyət idarələrinin faydası üçün istifadə olunur.
31 – Kasıblara, kimsəsiz uşaqlara, acizlərə, sağalmaz xəstələrə, zəif qocalara yardım etmək məhəlli muxtariyyətə həvalə olunur.
32 – Mərkəzi hökümət tərəfindən təyin olunan məhəlli məmurların vəzifəsi məhəlli muxtariyyətin xidmətlərinə, dövlət qanunlarına nəzarət etməkdən ibarətdir. Bu xüsusda iki tərəf arasında çıxa biləcək ixtilaflar hüquq məhkəmələri tərəfindən həll ediləcək.
33 – Vilayət məclisinin üzvləri vilayətin məhəlli işlərinə aid məsələlərdə qanun tərtib etmək hüququna malikdirlər.
34 – Vilayətə aid məsələlərin hamısı, maliyyə işi də daxil olmaqla məhəlli muxtariyyət idarələrinin səlahiyyətlərinə görə vilayət məclislərində müzakirə edildikdən sonra dövlətin icraiyyə orqanları tərəfindən həyata keçirilir.
35 – Vilayətdə hər hansı bir millət çoxluq təşkil edərsə bu vilayətin idarələrində həmin millətin dili ümumi dil olmalıdır. Rus dili ümumi dövlət dili olmaq şərtilə mərkəzi idarələrdə, dəniz və quru qoşunlarında işlədilməlidir.
36 – Bütün xalqlar mədəni, siyasi hüquq baxımından bərabər olmaqla yanaşı, dövlətin əsas qanunları xalqların hamısını mədəni hüquqlarla təmin etməlidir, yəni hər dildə və hər məhəlli dialektdə danışmaq, məktəb, mədrəsələr inşa etmək, uşaqları tərbiyə etmək, dil və ədəbiyyat cəmiyyətləri, müəssisələri yaratmaq xüsuslarında millətlərin hər birinə tam azadlıq verilir.
VIMəhkəmə37 – İndiyə qədər mövcud olan və xalqı siniflərə ayıraraq, imtiyazlı şəxslərə xidmət edən bütün ümumi və fövqəladə məhkəmələr ləğv edilir. Ölkənin hər yerində 1864-cü il 20 noyabr tarixli qanunlara görə barışıq və ədliyyə məhkəmələri qurulur.
38 – Məhkəmələrin hər birində bu əsaslara riayət olunması lazımdır: 1) Hökm icra edilməklə tamamlanmış olur; 2) Qanun qarşısında hamı bərabərdir; 3) Səlahiyyətli hakimin məhkəmə qanunlarına uyğun hökmü olmasa heç bir adam cəzalana bilməz; 4) Hakim işindən kənar edilə bilinməz, o, müstəqildir, hər bir müdaxilədən azaddır nəzarəti də onun işinə müdaxilə edə bilməz. Kiminsə xatirinə iş görmək, hədiyyə almaq hakimlərə qadağandır. Hakimlər xalq tərəfindən səsvermə yolu ilə seçilmədikdə heç kim hakim vəzifəsinə təyin edilə bilinməz; 5) Məhkəmələrdə hökm açıq olur; 6) Cəza təyin etmək səlahiyyəti yalnız hakimlərə aiddir. İnzibati (idarələr tərəfindən maddi cəza vermək, həbs və sürgün etmək kimi səlahiyyətlər ləğv olunur; 7) Məhkəmədə çalışanların hamısı ümumi əsaslara uyğun olaraq gördükləri işlərdə bir-birlərinə zamindirlər.
39 – Seçilmiş barışdırıcı hakimlər, seçilmiş ədliyyə komissiyaları ölkənin bütün vilayətlərində qurulmalıdır. Məhkəmədə hakimlik və ədliyyə komissiyasına üzvlük üçün maddi vəziyyət şərt deyil.
40 – Ədliyyə komissiyasının imkanı və işçilərinin sayı artırılır, cinayətlərin növü ilə deyil, əsasən cəzaların miqdarı etibarı ilə hər iş ədliyyə komissiyası məhkəməsinə təhvil verilir. Dövlət, yaxud mətbuatla əlaqədar cinayətlər ədliyyə məhkəmələrinin səlahiyyətinə aiddir.
41 – Məhkəmələrə məxsus polis təşkilatı qurulur.
42 – Şübhəsiz icra ediləcək qaydalar: 1) Birinci dərəcədə təftiş hüququ; 2) Məhkəmə tərəfindən ittihamla müdafiə hüququ; 3) Xəbərdarlıq üçün çıxarılmış hökmlər; 4) Cəza müddəti bitmədən yaxşı davranışına görə azad olunma;
5) Cəzalarını çəkib qurtarmış şəxslərə azad olduqdan sonra şərəfli və azad yaşaya bilmələri üçün işləmək imkanı yaratmaq; 6) həbsxanalarda islahatlar apararaq tərbiyə və əxlaq qaydalarında dəyişikliklər etmək; 7) Azad və müstəqil vəkillər kollegiyasını təşkil etmək; 8) kasassiya məhkəməsinin birlik qaydası.
43 – Mədəni və siyasi azadlıqları təmin etmək üçün bütün hüquqi qanunlara, o cümlədən cəza qanunlarına təcili olaraq baxmaq və yenidən tənzim etmək lazımdır.
44 – Müsəlmanların ailə hüququ – nigah, boşanma, miras, aliment kimi məsələlərin hamısı şəriət məhkəmələrində şəriətin hökmü ilə həll olunur.
45 – Xalqa ən yaxın olan məhkəmələr, yəni barışdırıcı məhkəmələr çoxluq təşkil edən xalqın dilində aparılmalıdır. Buna görə də birinci instansiya məhkəmələrinin hakimləri bu dili bilən şəxslərdən seçilir.
VIIMaarif46 – Ölkənin hər yerində ana dilində ibtidai məktəblərdə təhsil təxirə salınmadan başlamalı, məcburi və pulsuz olmalıdır.
47 – İbtidai məktəblərdə tədris təcili olaraq məhəlli muxtariyyət idarəsinə təhvil verilir. İbtidai məktəblərin hamısında tədris ana dilində və milli hərflərlə aparılır.
48 – Sinifdən sinfə keçmə işlərini asanlaşdırmaq üçün bütün məktəblərin sinifləri arasında əlaqələr yaradılmalıdır.
49 – Məktəblər, mədrəsələr təsis etmək, təlim ilə məşğul olmaq azaddır.
50 – Sənaye məktəblərini mümkün qədər artırmaq məsələsinə xüsusilə diqqət yetirmək lazımdır. Şübhəsiz, sənaye məktəblərində də təlim pulsuz olmalıdır. Orta məktəblərin sayını lazımi qədər artırmaq, mümkün qədər az haqq ilə təhsil vermək lazımdır. Təlim-tərbiyə işlərinin tərtibinə və üsullarına məhəlli idarələr hər yöndən müdaxilə edə bilər.
51 – Kolleclər, ali məktəblər daxili qaydalar və tədris işlərində tamamilə azaddır. Sayları lazımi qədər artırılaraq dərs haqqı mümkün qədər azaldılmalıdır. Xalqın çoxunun ali məktəblərdən faydalanması üçün bu məktəblərin binaları geniş olmalıdır. Tələbələrin cəmiyyətləri azaddır.
52 – Yaşlılar üçün məktəblər, ibtidai məktəblər, vilayət qiraətxanaları, kitabxanaları kimi elmi müəssisələr yaratmaq, binalar inşa etmək kimi işlərdə məhəlli muxtariyyət idarəsi mütləq azad olmalıdır.
53 - Yaşlılar üçün sənaye məktəbləri və dini məktəblərin bütün dərəcələrində, həm də yuxarıdakı maddədə göstərildiyi kimi elmi müəssisələr yaratmaq, istər ana dilində, istər Şərq dillərində təlim və tədris işləri aparmaq, başqa dövlətlərdən müəllim və müdərrislərin dəvəti, milli hərflərlə qəzet və jurnalların buraxılması, tərcümə və ya tərtib edilən kitab və kitabçaların nəşri, həmçinin onların satışı işlərində Rusiya müsəlmanları tamamilə azaddırlar.
VIIIMaliyyə işləri54 – Dövlətin iqtisadi və maliyyə siyasəti təməlindən dəyişdiriləcək. Lüzumsuz israfçılıq aradan qaldırılaraq xalqın ehtiyacına, xüsusilə elm və maarif sahəsinə dövlət xəzinəsindən müəyyən miqdarda pul ayrılacaq, dövlət büdcəsində əsaslı dəyişiklik aparılacaq.
55 – Ümumi xəzinə əmlakında hakimlik hüququ təkcə mərkəzə aid olmayıb, məhəlli muxtariyyət idarələri arasında bölüşdürüləcək.
56 – Ümumiyyətlə, vergiləri, o cümlədən xalqın daha çox ehtiyacı olan mallardan verginin məbləğini azaltmaq, ticarətdə bəzi qaydaları aradan qaldırmaq və ləğv etmək lazımdır.
57 – Vergilərdə bəzi dəyişikliklər həyata keçirilir. Belə ki, gəlir artdıqca vergi də artırılır, əldə olan yüksək qazanclar miras vergisinə əlavə olunur.
IXTorpaq məsələləri58 – İş qabiliyyəti olan kəndlilərə yerlərdən, saray və dövlətə aid yerlərdən ehtiyacı olduğu qədər torpaq vermək, həm də müvafiq qiymətə dövlət xəzinəsindən ödənmək şərtilə xüsusi mülk olan torpaqların alınaraq ehtiyacı olan kəndlilərə paylaşdırılması lazımdır. Əgər xüsusi mülklər idarə rəislərinə, məmurlara hədiyyə yolu ilə və ya qanunsuz olaraq verilmişsə, həmin mülklər pulsuz alınaraq ehtiyacı olanlara veriləcək.
59 – Torpaqla məşğul olan əkinçiləri hər cür alətlərlə təmin etmək vilayətin torpaqlarını ehtiyacı olan əkinçilər arasında paylaşdırmaq lazımdır. Torpaqda çalışan əkinçilərin daha çox məhsul əldə etməsi və bütün işləri intizamla görməsi üçün məhəlli muxtar idarələr hər cür tədbirlər görməlidir. Bütün bu işləri həyata keçirmək üçün köçürmə işləri dayandırılmalı və köhnə sahiblərindən qəsb edilərək alınan torpaqlar əvvəlki sahiblərinə qaytarılmalıdır.
60 – Dövlət və məhəlli muxtar idarələr bütün imkanları ilə torpaq məsələsini, heyvandarlığı təşviq və himayə edər. Kənd təsərrüfatı məktəbləri açılması, kənd təsərrüfatı kredit bankları qurulması, əkinçilərə kredit verilməsi, kənd təsərrüfatı şirkətlərinə, birliklərə icazə verilməsi üçün nizamnamələr qəbul etmək, bütün tədbirləri görmək və kənd təsərrüfatı işlərinə nəzarət etmək üçün komissiyalar yaratmaq lazımdır.
61 – Beləliklə, əkinçiliklə məşğul olan şəxslər ağaların zülmündən azad olur. Torpaq işlərini təftiş etmək üçün qüvvədə olan qaydalar dəyişdirilir. Fəhlələrə aid qanunlar, sənaye işçilərinə verilən hüquqlar kənd təsərrüfatı işçilərinə də şamil olunur.
62 – Əkinçilərə paylanan torpaqlara sərhəd təyin edilir və miqdarı müəyyənləşdirilir. Daşınmaz malların girov qoyularaq kredit alınması işi nizama salınır. Torpağın icarə qiyməti müəyyənləşdirilərək təyin edilir. Borcun əvəzində kəndlilərə iş gördürmək üsulu tamamilə ləğv edilir.
63 – Suvarma işləri islah olunur və təftişə məruz qalır.
XFəhlə məsələsi64 – Fəhlə ittifaqlarının, cəmiyyətlərinin yaranmasına, tətil etmələrinə icazə vermək.
65 – Adi iş günü müddətini təyin etmək.
66-  İş müddətindən artıq çalışmağı, zərurət olmadıqda gecə işlərini qadağan etmək.
67 – Qadınların və uşaqların əməyini qorumaq vəzifəsinə diqqət etmək, sağlamlığa zərərli işlərdə kişilərin də əməyini himayə etmək üçün tədbirlər görmək.
68 – Fəhlə xəstələnərsə, iş zamanı xəsarət alarsa, peşə xəstəliyinə tutularsa həmin müəssisənin müdiriyyəti haqqını ödəməlidir.
69 – Kimsəsiz qocalara dövlət hesabına müavinət verilir.
70 – Əmək intizamını qüvvətləndirmək üçün müəyyən cəza təyin edilir.
71 – Fəhlələrin hüquqları pozulduğu zaman fəhlələrlə müdiriyyət arasında ixtilafları ədalətlə həll etmək üçün yarısı fəhlələrdən, yarısı sahibkarlardan ibarət barışdırıcı hakimlər yaradılır.
72 – Fəhlə qanunlarının tətbiqi və fəhlələrin əməyinin himayəsi üçün müstəqil müfəttişliklər yaradılmalıdır. Fəhlələrin müdafiə etməli olan müfəttişlər heyətinə fəhlə nümayəndələri də daxil olmalıdır.
1905-ci ilin yayında hazırlanıb 1906-cı il yanvarın 13-23-də və afqustun 16-20-də olan qurultaylarda müzakirə edilərək qəbul olunan proqramlar bundan ibarətdir.1906-cı ildə olan qurultayın proqram müzakirəsi yanvarın 19-da başladı. Kazan nümayəndəliyi özünün altı maddədən ibarət proqramını oxudu. Bütün Rusiya müsəlmanlarına mümkün ola biləcək, bütün Rusiya müsəlmanlarını öz ətrafında toplaya biləcək əsaslı və əməlli-başlı bir proqramın gərəkliliyi düşünüldü. Uzun müzakirələrdən sonra müfəssəl proqram qəbul olundu.Əlimərdan bəy Topçubaşov tərəfindən rusca ustalıqla tərtib olunmuş proqram əvvəldən axıra qədər oxundu. 79 maddədən ibarət olan bu proqramın bütün maddələri ayrı-ayrılıqda oxunaraq qurultay tərəfindən qəbul olundu. Qurultayda yenicə yaranan partiyaya ad qoymaq üçün də mübahisə başladı və “İttifaq” adı daha məqsədəuyğun sayıldı. Daha sonra qadınların seçki hüququ ətrafında müzakirələr uzun çəkdi. Qurultayda bu təklifi verən Əlimərdan bəy Topçubaşov yerlərdən hücumlara məruz qaldı. Əhmədcan Babay Seydəş bu məsələdə və məhəlli idarələrin səlahiyyətlərinə dair olan 34-cü, muxtar vilayətlərdə yaşayan, çoxluq təşkil edən millətin dili, vilayətin ümumi idarələrində dövlət dili olaraq qəbul edilməsi məsələsində və mədəni muxtariyyət mövzusunda təsbit edilən 35-36-cı maddələr ətrafında gedən mübahisələrdə Əlimərdan bəy Topçubaşovu müdafiə etdi. Bu maddələrə möhtərəm İsmayıl bəy Qasparlı həzrətləri ilə möhtərəm Yusif əfəndi Akçura cənablarına da öz münasibətlərini bildirdilər: “Belə maddələr Rusiyada heç bir vaxt mümkün ola bilməz. Hətta ən azad İngiltərədə də belə muxtariyyət yoxdur”. Əlimərdan bəy Əhmədcan Babayın sözlərini təsdiq etdi. Nəticədə 36-cı maddə bir az dəyişdirildi. 34, 35 və 36-cı maddələr isə proqramdan çıxarıldı.Uzun mübahisədən sonra qadınların seçki hüququ islam qanunlarına uyğun olaraq proqrama daxil edildi.1906-cı ildə Nijni Novqorodda başlayıb Kazan şəhərində davam etdirilən Ümumrusiya müsəlmanları qurultayında təsis olunan “Rusiya Müsəlmanları İttifaqı” partiyasının proqramı Əlimərdan bəy Topçubaşov tərəfindən hazırlanmış və qurultay tərəfindən qəbul edilmişdi. Bu proqramdan başqa qurultaya yeddi proqram layihəsi təqdim olunmuşdu:
1 – Yusif əfəndi Akçura tərəfindən hazırlanan layihə;
2 – Rza Əfəndi tərəfindən hazırlanan layihə;
3 – Yenə başqa bir layihə;
4 – Həsən Ata Qazı tərəfindən hazırlanan layihə;
5 – Ufa layihəsi;
6 – Başqırd vəkillərinin layihəsi;
7 – Ufa layihəsinin müfti Məhmədyar əfəndi Sultanovun etdiyi dəyişikliklər (Bu açıqlamalar M.Carullah Biqidən olduğu kimi götürülmüşdür).
Göründüyü kimi, qurultay bütün layihələri nəzərdən keçirmiş, müzakirə etmiş və Əlimərdan bəy Topçubaşov layihəsini gündəliyə qoyaraq qəbul etmişdir.Proqram bu gün də öz əhəmiyyətini itirməmişdir. Buna misal olaraq 61-ci və 69-cu maddəni göstərə bilərik.Qurultayın uzun müzakirədən sonra qəbul etdiyi qadınların seçki hüququnun təsdiq edilməsi və bir çox başqa mütərəqqi məsələlər daha çox diqqəti cəlb edir.Yuxarıda qeyd etdiyimiz kimi proqramda panislamizm və ya pantürkizm haqqında heç nə deyilmir. 1905-ci il birinci rus inqilabı zamanı əsarətdə yaşayan türklərin “İttifaq”da birləşməsi çox böyük hadisədir. “İttifaq” partiyasının mərkəzi müvəqqəti olaraq Bakı şəhərinin seçilməsi, azəri türklərinin siyasi rəhbərlərindən olan Əlimərdan bəy Topçubaşovun proqramın hazırlanmasında və bir hüquqşünas kimi oynadığı önəmli roldan irəli gəlmişdir. Rus müstəmləkəsi olan hər bir türk xalqının öz geopolitik vəziyyəti var və onlar öz siyasətlərində bu geopolitik vəziyyətdən çıxış edirlər. Afrika qəbilələrinin ayrı-ayrı müstəqil dövlətlər qurduqları düşünülürsə, rusların əsiri türklərə də ən az bu hüququn verilməsini bəşəriyyət və mədəni dünya və ən nəhayət, hər dövlət, hər kəs zənn edirəm ki, qəbul edər. Bu istək və ideal isə pantürkizm demək deyildir.Türkiyə tarixində böyük Atatürk bir “Misaki milli” (milli pakt) sərhədi çəkərək bu məsələni bütün dünyanın gözü qarşısında həll etmiş və bütün maneələri aradan qaldırmışdır.“İttifaq” proqramının sosial məsələlərinə gəlincə torpaq və fəhlə bölümünü oxuduğumuz zaman proqramın nə qədər radikal olduğunu açıq-aydın görürük. Yuxarıda yazılanları oxuduqca görürük ki, fəhlələrin problemlərini, torpaq məsələsini kommunistlərin iddia etdiyi kimi rus sosializmi gətirməmişdir. Əsarətdə yaşayan türklərin həyatında “İttifaq” hərəkatı bir liberal-demokratik burjua hərəkatıdır. Burjuaziyanın bütün xalqların həyatında proqressiv, önəmli rolları olmuşdur. Biz burjua tərəfdarı olduğumuz üçün deyil, azərtürk burjuaziyasının Azərbaycan tarixində və ümumiyyətlə əsarətdə yaşayan türklərin həyatında oynadığı mütərəqqi rolu elmi bir mövzu olaraq araşdırdığımız üçün açıqlama apardıq. Millətlərin tarixində burjuaziyanın mütərəqqi rol oynadığına biz də ən azı Marks və marksçılar qədər inanırıq.RUSİYA MÜSƏLMANLARININ
ÜÇÜNCÜ QURULTAYI HAQQINDA MƏLUMAT
Nijni Novqorodda, Oka çayındakı “Qustav Struve” gəmisində ölkənin hər tərəfindən müxtəlif zümrədən gəlib toplanan müsəlman nümayəndələri dövlətin bugünkü vəziyyətində ortaya çıxan məsələləri öz ehtiyaclarına və fikirlərinə dair bütün mövzuları müzakirə edib aşağıdakı ümumi fikrə gəlmişlər:
1 – Rusiyada yaranmış bugünkü şəraitdə ölkənin ərazisində yaşayan müsəlmanların sosial-mədəni və siyasi problemlərini həll edə bilmək üçün birləşmək lazımdır.
2 – Bu məqsədlərini həyata keçirmək üçün Rusiya müsəlmanlarının mütərəqqi qismi, rus cəmiyyətinin qabaqcıl adamlarının ideyalarına arxalanaraq dövlət idarəsində, xalq tərəfindən seçilən nümayəndələrin iştirakı ilə qanunların tərtib olunması, hüquq qaydalarının yaradılmasında iştirak edəcəyinə inanır.
3 – Yuxarıda göstərilən məqsədlərə nail olmaq üçün müsəlmanlara rus xalqı ilə bərabər hüquqların verilməsi lazımdır. Müsəlmanların mütərəqqi qismi bütün qanuni prinsiplərdən hərəkət edərək müsəlmanlar üçün qoyulmuş məhdudiyyətləri aradan qaldırmağa səy edəcəkdir. İndiyə kimi müsəlmanlar üçün qoyulmuş qadağanlar aradan qaldırılmalı və onlara da rus xalqı kimi siyasi, mədəni və dini azadlıqlar verilməlidir.
4 – Müsəlmanlar öz səylərini dövlət daxilində mümkün ola biləcək işlərin həllinə yönəldəcəklər. Bunlara hər cür məktəblərin açılması, oxucuların tələblərinə cavab verən kitabların, jurnalların, qəzetlərin nəşri, kursların, kitabxanaların, qiraətxanaların və başqa təhsil müəssisələrin yaradılması daxildir.
5 – Yuxarıda göstərilən məqsədlərə tez çatmaq üçün yerli xalq məclisləri təşkil ediləcək və bu məclislər vaxtaşırı qurultaylar vasitəsilə müsəlmanlar tərəfindən idarə ediləcəkdir. Müstəmləkə şəraitində yaşayan müsəlmanların 1905-1906-cı illərdə olan üç siyasi qurultayını dəyərləndirmədən öncə bunu qeyd etməyi özümə borc bilirəm: Oka çayı üzərində 1906-cı ilin 15 avqustundan başlayaraq avqustun 21-nə qədər Nijni Novqorodda böyük ziyafətlər şəklində ev və restoranlarda davam edən üçüncü qurultayın qərarları və “Rusiya müsəlmanları ittifaqı” partiyasının proqramı oxunduğu təqdirdə türklərin rus çar rejimi tərəfindən hansı hüquqlardan məhrum edilmiş olduqları meydana çıxır.
Qurultaya siyasi qiymət verən D.B.Seyidzadə adlı bir azərbaycanlı bir alim “Tarix, fəlsəfə, hüquq” xəbərlər jurnalında (1972-ci il № 1) “Azərbaycan burjuaziyası və 1905-ci il milli azadlıq hərəkatı” başlıqlı məqaləsində maraqlı məsələlərə toxunur. Müəllif yazır: “Ümumrusiya müsəlmanlarının qurultayı lazımınca öyrənilməmiş və layiqli qiymətini almamışdır. Azərbaycan burjuaziyasının bu hərəkatdakı iştirakı və rəhbər rolu elmi yöndən çox az tədqiq edilmişdir”. Etiraf etmək lazımdır ki, Seyidzadə bu hadisəni düzgün qiymətləndirmişdir.Seyidzadənin on səhifəlik elmi araşdırmalarının bütün məsələlərində onunla həmfikir olmadığımız irəlidə ortaya çıxacaqdır.Çayda keçirilən konqres Rusiya türklərinin həyatında “panislamist” və ya “pantürkist” bir hadisə kimi qəbul edilə bilməz. Sovet alimləri bu mövzuya müraciət edərkən həmin hadisəni bu yola sürükləməyə çalışırlar. Bu cür hərəkətlərlə onlar millətçi rus kommunistlərinin yanında etimad qazanmaq istəyirlər. Bu tarixi hadisənin obyektiv bir yöndən araşdırmaq lazımdır.Qurultayın qəlbi Rəşid əfəndi İbrahimov ilə Əlimərdan bəy Topçubaşov olmuşlar. İsmayıl Qasparlı və Yusif Akçura oğlu konqresə rəhbərlik edə bilmədilər. İsmayıl Qasparlı hər üç qurultayda bəzən çox radikal istəklər irəli sürmüş, hətta qorxaqlıq göstərmiş, yersiz olaraq təcavüzkar hərəkətlərdə iştirak etmiş və buna görə də qurultay nümayəndələri ona laqeydlik göstərmişdilər (M.C.Biqi, İslahat əsasları).O dövrdə və sonralar İ.Qasparlı ilə Y.Akçura oğlu pantürkizm hərəkatının rəhbərləri olmuşlar. Panislamizm hərəkatı isə əslində həyata keçirilməsi mümkün olmayan romantizmdən başqa bir şey deyildir. Birinci Dünya müharibəsi illərində pantürkizm haqqında çox yazılmış və söylənilmişdir. Ancaq bu hərəkatın kök salmasını sübut edən bir nümunə belə olmamışdır. Əlimərdan bəy bu iki utopik axınların heç birində iştirak etməmişdir. Dərin bilikli hüquqşünas və siyasətçi olan Əlimərdan bəy həyatı boyu realist və uzaqgörən bir şəxs kimi tanınmışdır. “Rusiya Müsəlmanları İttifaqı” türklərin tarixində ilk dəfə birlik fikrini irəli sürmüşdür.Qeyd etmək lazımdır ki, Lenin bu “Müsəlman ittifaqı” hərəkatını nə panislamist və nə də pantürkist hərəkat saymamışdır. Lenin bu barədə belə yazır: “Misal üçün on milyonları təşkil edən Rusiya müsəlmanları heyrət ediləcək bir tezliklə o zamanlar müsəlmanlar ittifaqını təşkil etdilər. Baxmayaraq bu dövr, ümumiyyətlə bir çox təşkilatların çox qurulduğu bir çağdır”.V.İ.Lenin bütün əsarətdə yaşayan xalqlar haqqında bir zaman belə deyirdi: “Rusiyada əhalinin yarısından çoxu demək olar ki, beşdə üçü (yəni 57%-i) milli əsarət altındadır, onlar hətta ana dilindən də azad istifadə edə bilmirlər, onları zorla ruslaşdırırlar” (V.İ.Lenin. Əsərləri, 4-cü nəşri, 23-cü cild, səh. 268).M.Ə.Rəsulzadənin rəhbərliyi altında Bakıda nəşr olunan “Təkamül” qəzeti yazırdı: “Müsəlmanlar, ancaq ittifaq və birləşmədə, Rusiyanın başqa xalqları ilə həmfikirdirlər. İrticanı və cəhaləti yox etmək istəyirlər... Müsəlmanların öz qüvvələri ilə başarıya və qalibiyyətə çatacaqları əsassız bir ümiddir” (“Təkamül” qəzeti, № 12, 12 mart 12907-ci il).D.S.Seyidzadə Oka çayı üzərində 1906-cı il avqustun 15-də olan qurultayda 200 nəfərin iştirak etdiyini və qurultayın sonrakı günlərində iştirakçıların 800 nəfərə qədər artdığını yazır. Sonra o qeyd edir ki, bu müsəlmanların birinci qurultayıdır. Bu fikir tamamilə yanlışdır. Oka çayında olan toplantı Rusiya müsəlmanlarının 1905-1907-ci illərdə birinci rus inqilabı zamanı keçirdikləri üçüncü qurultaydır.Yusif Akçura oğlu ittifaqın üçüncü qurultayına belə qiymət verir: “İçtirakçıların hamısı eyni siyasi görüşlü deyil, bir-birinə tamamilə əks siyasi və iqtisadi fikir sahibləri idilər, ancaq onları bir-birlərinə bağlayan iki tel mövcuddur, eyni dindən və türk olmaları. Üzvlərin hamısı səlahiyyətli vəkillər deyildilər. Ancaq bütün nümayəndələr bir yerin, yaxud bir sinfin ideyasını və istəklərini irəli sürən nümayəndələr idi. Xülasə, bu toplantı nə mitinq, nə qurultay, bəlkə Rusiyadakı müsəlmanların dini, milli müşavirə məclisləri “şurayi ümmətləri”, fransız anlamı ilə qarşılıqlığını söyləsək milli “parlament”ləri idi.Üçüncü yığıncaqda iştirak edən nümayəndələri siyasi, ictimai baxışlarına görə dörd yerə bölmək mümkündür. Bu bölgü Dumadakı sabiq bölgüyə bənzəyir. Mərkəzdə qüvvətli bir çoxluq təşkil edən ittifaqçılar, onların solunda miqdarca az, ancaq gənc, fəal və siyasətdən xeyli xəbərdar, çox çalışqan gənclər idi. Onlara “sollar” və “tançılar”* da deyirdilər. Miqdarlarını təyin etmək çətin olan, varlıqlarını göstərə bilməyən, siyasətləri məlum olan “mühafizəkarlar” ən nəhayət, mədəniyyəti, səviyyəsi, hətta siyasi görüşü olmayan, heç bir qrupa qarışmayan kimsələr... (Əbdürrəhman Sədi. Tatar ədəbiyyatı tarixi, Kazan , 1926-cı il, səh. 146, “Kazan müxbiri” qəzeti, № 155, 1906-cı il).Türkçülüyün rəhbəri sayılan, böyük şəxsiyyətlərdən biri kimi qəbul edilən Yusif Akçura oğlunun yetmiş il bundan əvvəl söylədiyi bu obyektiv fikrinə əlavə etməyə elə zənn edirəm ki, heç bir ehtiyac yoxdur. Bütün Rusiya, Qərb mətbuatı, Kazanda nəşr olunan “Ülfət”, “Yildız”, “Kazan müxbiri”, “Əxbar”, Krımda çıxan “Tərcüman” və başqa qəzet və jurnallarda, Bakıda çıxan “Həyat”, “Kaspi” qəzetlərində “Rusiya müsəlmanları ittifaqı” partiyası adı ilə qurulan siyasi partiyaya “İttifaqçılar” adı verilmişdi. Əbdürrəhman Sədi də 1926-cı ildə nəşr etdirdiyi “Tatar ədəbiyyatı tarixi” adlı kitabında bu adı qeyd edir (səh. 147).1964-cü ildə Bakıda nəşr olunan “Azərbaycan tarixi”nin ikinci cildində “İttifaq” partiyası haqqında dörd-beş sətirlə obyektiv olmayan, tamamilə yanlış məlumat verilmişdir (səh. 612). Bundan belə nəticə çıxartmaq olar ki, “Azərbaycan tarixi”nin ikinci cildini yazan müəlliflərin bu mövzu haqqında materialları çox az olmuşdur.1905-ci il birinci rus inqilabı zamanı Rusiya türklərinin siyasi və ictimai hərəkatları istər rus, istərsə də başqa mətbuat səhifələrində, kitablarda geniş təsir buraxmışdır.Əsarətdə ömür sürən türklərin öz təşkilatlarını yaratdıqlarını görən çar rejimi bu hərəkatı boğmağa, hərəkatda əsas rol oynayan azəri türklərinin rəhbərlərinə qarşı fitnəkarlıqlar təşkil etməyə, bir sözlə, “İttifaq” partiyasının fəaliyyət göstərməsinə hər cür maneələr törətməyə başladı.Stolıpinin irtica və istibdad rejimi hakimiyyətə gəldikdən sonra “İttifaq”ın fəaliyyəti tamamilə qadağan edildi. Lakin “İttifaq” Rusiyada yaşayan türk və müsəlman xalqlarının həyatına öz hüquqları uğrunda mübarizə toxumunu artıq səpmişdi.“İttifaq”ın üçüncü qurultayında Əlimərdan bəy Topçubaşov demişdi: “Ey mömünlər, ey qardaşlar, mən bu gün o qədər, o qədər məmnun oldum ki, bu məmnuniyyətimi sizə heç bir dillə tərif edə bilmirəm. Mən bu günü heç vaxt xatirimdən çıxartmayacam. Bu günün, bundan sonra Ümumrusiya müsəlmanları üçün milli bayram günü olacağı şübhəsizdir.Biz türk balaları, əslimiz bir, nəslimiz bir, dinimiz birdir. Günbatandan gündoğana qədər bizim babalarımızın mülkü idi. Babalarımız qəhrəman millət olduqları halda, Qafqaz dağlarında, Krım bağlarında, Kazanın çöllərində - ata və babalarımızın mülkü olan öz vətənimizdə, öz torpağımızda, öz ehtiyaclarımız barədə danışmağa ixtiyarımız qalmadı, şükürlər olsun Allaha... Bu qədər çətinliklərə, zəhmətlərə baxmayaraq bu gün sular üzərində ürəklərimizin açıb, bir-birimizi üz-üzə görüb, qucaqlaşıb, hal-əhval tutmağa müvəffəq olduq”. M.C.Biqi deyir ki, “Əlimərdan bəyin bu tarixi xütbəsi çox təsirli oldu. Camaatın əksəriyyəti ağladı. Əlimərdan bəy Topçubaşovdan sonra Əbu-Suud Ədhəm, İsmayıl bəy və başqaları nitq söylədilər”.Tarixdə ilk dəfə 15 avqust gününün bütün Rusiya müsəlmanları arasında bayram edilməsi qurultay tərəfindən qərarlaşdırıldı. Rusiya müsəlmanları arasında “dini bir rabitə və siyasi bir qüvvə” təsis edilmiş oldu. Bakı bütün Rusiya müsəlmanlarının siyasi qüvvələrinin müvəqqəti mərkəzi  elan edildi. “İttifaq”ın yaradılması müsəlman şəhərlərinin hamısına məlum oldu. Hər tərəfdən təbrik teleqramları gəldi (M.C.Biqi, İslahat əsasları, səh. 170-172).AZƏRBAYCANI İSTİQLAL MÜBARİZƏSİNƏ
APARAN ROMANTİZM
Bakı çağdaş anlamda kapitalist, ticarət, fəhlə, kəndli, ziyalı və başqa təbəqələrdən ibarət bir Qərb şəhəri idi. Fəhlələrin çoxu Cənubi Azərbaycandan gələnlərlə, çar idarəsi tərəfindən məhsuldar torpaqları əllərindən zorla alınaraq məcburiyyət qarşısında qalıb şəhərə iş dalınca gələn yerli kəndlilərdi. XX əsrə belə bir vəziyyətdə qədəm qoyan toplumun özünəməxsus problemləri olacaqdı. Bu problemlər hansılardı: milli azadlığa qovuşmaq, bunun üçün də hər şeydən öncə çar rejiminin zülmü və əsarətilə birlikdə devrilməsi, müstəmləkə boyunduruğundan qurtulmaq. Azərbaycan toplumunun maarif və sosial problemlərinin milli təməl üzərində qurulması və xalqın ehtiyacına uyğun olaraq həll edilməsi. Elm, məktəb, mətbuat, ədəbiyyat, incəsənət, dil, əlifba, tərbiyə sistemi. Bütün bu problemlərlə yanaşı yeni yaranmış kapitalizmin proletariatın və istismar olunan siniflərin özünəməxsus problemləri vardır.Belə bir vəziyyətdə Azərbaycanda romantizm ədəbi cərəyanı meydana gəlmişdi. Bu ədəbi cərəyanın başında Hüseyn Cavid, Məhəmməd Hadi, Abdulla Şaiq, Abbas Səhhət, Əhməd Cavad və başqaları dururdu. Azərbaycan türklərinin milli azadlıq, mütərəqqi mədəniyyət mücadiləsində bu romantik ədib və şairlər xalqın arzularını, ideyalarını və bu ideyaları gerçəkləşdirmək, həyata keçirmək üçün səy edən, hətta həyatlarını qurban verən millət qəhrəmanlarını bədii əsərlərində dilə gətirib, xalqı ruhlandıraraq onlara milli azadlıq mübarizələrini həyata keçirtmək üçün rəhbərlik etmişdilər.Azərbaycanda romantizm cərəyanı ilə yanaşı çox qüvvəli, realist və Azərbaycan xalqının coğrafi çevrəsindən xarici aləmə köçmək həvəsi göstərmədən, öz kökü üzərində tarixi keçmişi və ənənələrilə qaynaşaraq öz milli azadlıq və mütərəqqi mədəniyyət məsələlərini həll etməkdə böyük səy göstərən, düha dərəcəsində enerji və qabiliyyətə sahib ədib, şair və yazarların təmsil etdikləri realist ədəbi məktəbi vardı.Bunlar Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Ələkbər Sabir, Əbdürrəhim Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Nəcəf bəy Vəzirov, Firudin bəy Köçərli və başqaları idi. Azərbaycan xalqının istiqlal mübarizəsinə başlamasında onların da böyük rolu olmuşdur. XX əsrin başlanğıcı ilə 1905-ci il birinci rus inqilabı və 1917-ci il ikinci rus inqilabı arasındakı illər. Azərbaycan türklərini istiqlal mücadiləsinə həvəsləndirən və Azərbaycan xalqını azadlığa aparan və ən nəhayət, böyük səylər, ölümlər, qırğınlar, döyüşlər, qəhrəmanlıqlar və fədakarlıqlarla istiqlaliyyətə qovuşduran illərdir.Azərbaycan xalqını, o cümlədən ziyalını, taciri, fəhləni, kapitalisti, kəndlini bir yerə toplayan və mücadiləyə aparan bu böyük mübarizədə Azərbaycanın romantik və realist yazarlarından başqa millətin balalarını oxudan, ona tərbiyə verən müəllimlərin də xidməti əvəzsizdir.Bu dövrdə Əli bəy Hüseynzadə belə yazır: “Qafqaz türkləri türklərin ən hürriyyətpərvərləridir... Bu məmləkətdə heç bir qüvvə hürriyyət arzusunu məhv edə bilməz, heç bir cəbr və təzyiq, heç bir cəfa və əziyyət, heç bir zülm və sitəm hürriyyət odunu söndürə bilməz. Qafqaz hürriyyət aləminin tarixində mühüm rol oynayacaqdır, bu rollardan ən böyüyü Qafqaz və Azərbaycan türklərinə aiddir” (“Həyat” qəzeti, 1906-cı il, 2 iyul, № 143).Azərbaycan istiqlal mübarizəsi tarixində ilk istiqlal şairi Məhəmməd Hadidir. Azərbaycan romantikləri hər zaman mütərəqqi fikirli olmuş, xalqı elm və sənətləri öyrənməyə, təbiətə hakim olmağa çağırmışdılar. Məhəmməd Hadi deyirdi ki:
Bu adəm oğlu çoxdandır mübarizdir təbiətlə,
... Bütün dünyayı parlatmaq dilər ənvari-hikmətlə.
... Bəşər ey canlı bir xilqət, böyük qüvvətlərin vardır,
Böyük ağlın, böyük fikrin, böyük qüdrətlərin vardır.
Azərbaycan romantikləri irticaçı-mühafizəkar yazarların metafizik görüşlərini rədd edirlər, onların “əşyanın mahiyyətinə, məğzinə vaqif olmaq əmrinə uyğundur” tezislərinə qarşı (“Həqiqət” qəzeti, 1909-cu il, № 242) Məhəmməd Hadi, “insan əsrarı, hikmət və təbiətin köküdür, tilsimli dünyanın açarıdır” tezisini irəli sürürdü (“Həyat” qəzeti, 1906-cı il 18 aprel, № 83):
Təkamülyabi-fikir olduqca səyyari-cürətkar,
Təbiət sinəsində imdilik məstur olan əsrar,
Birər arzı cəmal eylər, çıxarlar sehni-dünyaya,
Olursun hakimi mütləq tamamən ruhu-əşyaya.
Məhəmməd Hadi “ulduzlara doğru” şerində də deyirdi ki;
Yol budur, bir gün uçar ulduzları tezhir edər,
Ən qaranlıq sirri anlar, aləmə teşhir edər,
İndi odlar yağdıran təyyareyi-hakinejad,
Parlayar bir gün gəlib çox göyləri tənvir edər.
Beləliklə, irticaçı, mühəfizəkar yazarlara və onları müdafiə edən irtica zümrəsinə qarşı Azərbaycan romantiklərinin etirazı və mübarizəsi o zaman azərlər arasında böyük başarı qazanmışdır. Eyni inadı və mütərəqqi fikri Abbas Səhhətdə, Hüseyn Caviddə və Abdulla Şaiqdə görürük. Onların əsərlərindən örnək vermək yerinə düşərdi. Məhəmməd Hadinin irticaçılara qarşı qələm münaqişəsi edərək radiumun kəşfindən, bir gün Mars ulduzunun əsrarının kəşf ediləcəyindən və elmin irəliyə doğru hərəkət edəcəyini müdafiə edən yazıları vardır. Abbas Səhhət belə yazırdı:
Bir müəyyən qanun üzrədir həyat,
Bir doğuş, bir təkamül, bir inhitat.
Böylə qoyulmuş aləmin binası,
Dəyişməkdir tərəqqinin əsası.
Bəxt, qismət kimi əlfazı unut,
Səy eylə bazuyu-ikbalini tut.
Hüseyn Cavid də mənsub olduğu ədəbi məktəbin fikrini belə anladır:
Yox təbiətdə öylə bir qüvvət,
Ədib, həm də payidar olsun.
Həp dəyişməkdir bütün hilqət,
Həp dəyişməkdir həyat funun.
Olmayan varmı inqilaba zəbun?
Varmı sarsılmaz öylə bir qanun?
Abdulla Şaiq isə yazır:
İrəliyə doğru yürü, yürü, arxana baxma.
Gələcəyi düşün daim, onu gözdən buraxma
İrəlidə inanın ki, bir cənnət qədər cahan var.
Sabah günəş orda doğar, səadət orda parlar.
(Azərbaycan ədəbiyyatı tarixi, II cild).