Azerbaycan iqtisadiyyatı: reallıqlar ve perspektivler

Arif Şəkərəliyev  

Müstəqil Azərbaycan dövləti bu gün dinamik inkişaf yolu ilə gedir və səmərəli şəkildə fəaliyyət göstərir. Azərbaycan xalqı öz milli iqtisadiyyatını yaratmaq, iqtisadi cəhətdən sərbəst olmaq və müstəqil inkişaf etmək kimi çətin və şərəfli bir strateji məqsədə çatmaq vəzifəsini qarşısına qoymuşdur. Belə bir strateji məqsədə çatmaq üçün əsas vasitə kimi bazar iqtisadiyyatına keçməyi seçmişdir.

 

Azərbaycanda keçid dövrü şərti olaraq aşağıdakı kimi mərhələlərə bölünür.


Keçid dövrünün I mərhələsində (1991-1994-cü illər) cəmiyyətdə əmtəə qıtlığı yaranır və inflyasiyanın güclənməsi nəticəsində mövcud istehlak bazarı əslində tamamilə dağılır.
Keçid dövrünün II mərhələsi (1995-1996-cı illər) əmtəə qıtlığı, əhalinin alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsi və əmtəə bazarının nisbətən ucuz, keyfiyyətsiz məhsullarla dolması ilə xarakterizə olunur. Bütün keçmiş Sovet respublikalarında olduğu kimi, Azərbaycanda da bu mərhələdə ödənişlər probleminin kütləvi xarakter daşıması cəmiyyətdə iqtisadi sabitliyin pozulması ilə xarakterizə olunur.


Keçid dövrünün III mərhələsində isə iqtisadi proseslərin idarə olunması və təşkilində dövlətin müdaxiləsi güclənir. Bu dövrdə sosial siyasət, xarici siyasət, elmi-texniki siyasət, sahibkarlıq siyasəti, inflyasiya əleyhinə aparılan siyasət yeridilir.

  Azərbaycan Respublikası bazar iqtisadiyyatına keçidlə əlaqədar bir çox çətinliklərlə üzləşsə də dövlət quruculuğunun möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görülmüş, azad bazar iqtisadiyyatı münasibətlərinin qurulması, iqtisadi islahatların həyata keçirilməsi artıq uğurlu bir prosesə çevrilmişdir.


Hal-hazırda Azərbaycan dövləti mülkiyyətin çoxnövlüyü əsasında müxtəlif təsərüfat formalarının, ölkə iqtisadiyyatının normal inkişafı üçün daxili bazarın fəaliyyəti və onun infrastrukturunun yaradılması, biznes və sahibkarlıq fəaliyyətinin inkişafı, özəlləşdirmə proqramının həyata keçirilməsi, xarici iqtisadi əlaqələrin genişləndirilməsi, maliyyə kredit sahəsində uğurlu islahatların aparılması, işsizliyin azaldılması, əhalinin sosial müdafiəsində məqsədyönlü iş aparır. Bu vəzifələrin həyata keçirilməsində dövlət öz funksiyası çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrinə aid tənzimləyici tədbirlər həyata keçirir. Dövlətin iqtisadi vəzifələri özünü həyata keçirilən iqtisadi siyasətdə tapır.


Bu gün Azərbaycan dövlətinin tənzimləmə tədbirləri ilə bazar ünsürləri qarşılıqlı əlaqə və vəhdət halında çıxış edir ki, bu da iqtisadiyyatın mühüm problemlərinin istehsala yönəlməsini asanlaşdırır. Respublikada qlobal proqramlar, irimiqyaslı layihələr həyata keçirilir. Azərbaycana xarici investisiyaların axını güclənir, ölkənin ixrac potensialı artır. Bu gün Azərbaycan öz inkişaf tempinə görə Qafqazda lider ölkədir.


Hazırda müstəqil Azərbaycan dövləti dünyada iqtisadi artım sürətinə görə lider mövqedədir. 2005-ci ildə ÜDM-in artım tempinin 26 faizə, bu ilin 6 ayında isə 36 faizə yüksəlməsi yürüdülən siyasətin çox uğurlu olmasından xəbər verir. Bu həm də sosial problemlərin həllinə imkan yaradıb. Belə ki, insanların həyat səviyyəsi ilbəil yaxşılaşır. Əmək haqları, pensiya və müavinətlər daim artırılır.


Qeyd etmək lazımdır ki, bu günkü Azərbaycanın iqtisadiyyatının inkişafının uğurlarında 1994-cü ildə imzalanmış «Əsrin müqaviləsi»nin böyük rolu vardır. «Əsrin müqaviləsi» imzalanması ilə Azərbaycanda yeni neft erasının təməli qoyuldu. Təbii ki, neft sənayesinə qoyulan sərmayələr, ümumiyyətlə, iqtisadiyyatımızın, xüsusən də özəl sektorun sürətli inkişafına təkan verib. Müstəqilliyimizin ən çətin anlarında, bədxahlarımızın Azərbaycanı yenidən əsarətə almağa can atdığı bir şəraitdə həyata keçirilən bu müqavilə Ümummilli Liderimiz Heydər Əliyev qətiyyətinin, sarsılmaz iradəsinin, diplomatiyasının təntənəsinə çevrildi. Müstəqilliyini bərpa edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu dünyaya bir daha əyani şəkildə bəyan etdi.


Son illər müstəqil dövlətimiz tənəzzüldən, böhrandan qurtularaq böyük inkişafa doğru istiqamət alıb. Bu inkişafda sabitlik, əmin-amanlıqla yanaşı, milli neft strategiyamızın rolu olduqca böyükdür.


Neft sektoru sənayesinin digər sahələrindən fərqli olaraq iqtisadi böhran illərində ən az tənəzzülə məruz qalan sahə olmaqla «Əsrin müqaviləsi» çərçivəsində bu sahəyə cəlb edilən xarici investisiyalar sayəsində yüksək templə inkişaf etməkdədir. Neft sektoruna cəlb olunan investisiyaların və 1997-ci ildən başlayaraq hasilatın əhəmiyyətli şəkildə artmağa başlaması bu sahənin ümumi iqtisadiyyatda rolunu daha da artırmışdır. Neft sektorunun aparıcı rolu iqtisadiyyata qoyulan investisiyalarda da özünü göstərir. 2005-ci ilədək neft və qaz sektoruna qoyulan investisiyaların ümumi investisiyalarda payı 60 faizdən artıq təşkil etmişdir. Bundan əlavə, neft sektorunun mühüm rolu özünü dövlət büdcəsinin formalaşmasında da göstərir. Belə ki, 2006-cı ilədək neft gəlirlərindən dövlət büdcəsinə ödənilən vergilər əsasən ARDNŞ-in vergi ödənişləri ilə məhdudlaşmasına baxmayaraq, onun 2005-ci il büdcəsində xüsusi çəkisi ümumi vergi ödənişlərinin 36,7 faizini təşkil etmişdir.


Azərbaycanda neft strategiyasının reallaşdırılması ilə bağlı müvafiq proses Dövlət Neft Fondunun yaradılması ilə nəticələnib. Bu strategiya iqtisadiyyatın digər sahələrinin inkişafının təmin edilməsi, gələcəkdə dövlət büdcəsinin gəlirlərinin neft amilindən asılılığının azaldılması və ən başlıcası Azərbaycan dövlətinin suverenliyini, iqtisadi təhlükəsizliyini möhkəmlətmək vasitəsi kimi qiymətləndirilir.


Hal-hazırda Azərbaycan dövləti özünün milli sərvəti olan nefti dünya bazarına çıxarır və oradan külli miqdarda vəsait əldə edir. İxracdan əldə edilən vəsait aşağıdakı məqsədlər üçün istifadə edilir:


-infrastrukturun inkişaf etdirilməsi;


-təhsil və səhiyyənin inkişaf etdirilməsi;


-sənayeləşmənin sürətləndirilməsi;


-xarici borcların azaldılması


Qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan Respublikasında neft sənayesi 1994-cü ildən başlayaraq sürətlə inkişaf etməyə başlamışdır. «Əsrin müqaviləsi» çərçivəsində bu sahədə sürətli inkişaf xarici investsiyaların cəlb edilməsi sayəsində mümkün olmuşdur. Neft sektoruna cəlb olunan investisiyaların və 1997-ci ildən başlayaraq hasilatın əhəmiyyətli şəkildə artmağa başlaması bu sahənin ümumi iqtisadiyyatda rolunu daha da artırmışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycanın Xəzər dənizindəki milli sektorunda yerləşən perspestivli strukturlara dair müqavilələrə əsasən xam neftin ümumi ixrac potensialı 2010-2011-ci illər üçün ən azı 50-60 milyon ton təşkil edəcəkdir. Bu həcmdə neftin beynəlxalq bazara etibarlı və fasiləsiz çıxarmaq üçün çoxvariantlı ixrac kəmərləri sisteminin əsas istiqaməti kimi Bakı-Tbilisi-Ceyhan marşurutu müəyyən edilmişdir. Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin istismara verilməsi Azərbaycanla qərb ölkələri arasında hərtərəfli əlaqələrin güclənməsinə əlverişli şərait yaradacaq və regional əməkdaşlığın genişləndirilməsinə təkan verəcəkdir. Təkcə belə bir faktı göstərmək lazımdır ki, 2006-cı ilin 8 ayı ərzində 2,181 milyon ton neft məhsulları ixrac olunmuşdur. Xam neftin ixracı Bakı-Novorossiyski, Bakı-Supsa, Bakı-Batumi, Bakı-Tbilisi-Ceyhan marşurutları üzrə həyata keçirilirdi. 2006-cı ilin Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin istismara verilməsi ilə neft sənayemiz və dövlətimiz üçün əlamətdar olmuşdur. 2006-cı ilin iyun ayında Azərbaycan neftilə yüksəlmiş ilk tanker Ceyhan limanından dünya bazarına yola salınmışdır. Bu işlərin həyata keçirilməsi Azərbaycan Respublikasının iqtisadi durumunun daha da yaxşılaşmasına səbəb olacaqdır.


Dünya Bankının proqnozlarına görə 20 il ərzində, neft qiymətləri normal götürüldükdə belə, Azərbaycan 140 milyard dollar vəsait qazanacaqdır. Bu vəsait isə Azərbaycan iqtisadiyyatını inkişaf etdirməyə və insanların maddi rifahının yaxşılaşmasına kömək edəcəkdir.
Qeyd etmək lazımdır ki, 2006-cı ilin 8 ayında Ümumi Daxili Məhsul (ÜDM) ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,4 faiz, əhalinin gəlirləri 19,2 faiz, orta əmək haqqı 20 faiz, əhalinin bank əmanətlərinin həcmi 45,2 faiz artmışdır. Bu və digər göstəricilər beynəlxalq maliyyə təşkilatları tərəfindən də yüksək qiymətləndirilmiş və Azərbaycanın sərmayə reytinqinin yüksəlməsin gətirib çıxarmışdır.


Azərbaycanda nəhəng neft-qaz layihələrinin həyata keçirilməsi, bölgə iqtisadiyyatına külli miqdarda sərmayə qoyulması, yeni iş yerlərinin açılması ölkəmizi postsovet məkanında ən qüdrətli dövlətlərdən birinə çevirib. Proqnozlara görə 2015-ci ildə ölkənin dövlət büdcəsinin təxminən 25 milyard dollara çatacağı gözlənilir. Azərbaycan hökuməti neftdən gələn gəlirləri xərcləmək məsələsində optimal variant ortaya qoyub. Bu ilk növbədə neft gəlirlərinin xərclənməsində şəffaflığın qorunması və ictimaiyyətin bu prosesdə iştirakının nəzərdə tutulmasıdır. Dövlət Neft Fondu ildə iki dəfə xərclədiyi pullar barədə xalqa hesabat verir.
Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. Ölkədə qeyri-neft sektorunun inkişafı yeni iş yerlərinin yaradılması, milli iqtisadiyyatın dünya neft bazarının konyukturundan asılılığının aradan qaldırılması, makroiqtisadi sabitliyin davamlılığının təmin olunması və ölkədə yoxsulluq səviyyəsinin əsaslı şəkildə aradan qaldırılması kimi sosial-iqtisadi vəzifələrin həllində hələ də əsas vasitə olaraq qalmaqdadır. Bu baxımdan qeyri-neft sektorunun inkişaf strategiyasının hazırlanması eyni zamanda, bu problemin əsaslarının tədqiq olunması, sahənin inkişaf meyllərinin araşdırılması ilə onun zəif və üstün cəhətlərinin, habelə neft sektorunun sıçrayışlı inkişafı nəticəsində qeyri-neft sektorunun qarşısında yarana biləcək problemlərin aşkara çıxarılması zərurətini yaradır.
Belə bir faktı göstərmək lazımdır ki, keçid dövrünün ilk illərində qeyri-neft sektoru ciddi tənəzzülə məruz qalmışdır. Belə ki, böhran illərində bu sahə özünün istehsal həcminin təxminən 80 faizə qədərini itirmişdir. Son illərdə aparılan struktur dəyişiklikləri bu sahədə ciddi dəyişikliklərə səbəb olmuşdur. Belə ki, yüngül və yeyinti sənaye sahələrində canlanma baş vermişdir.

  
Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişaf strategiyasının işlənib hazırlanması və həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Respublikada qeyri-neft sektorunun inkişafı üzrə strategiya iki istiqaməti – bu sektorda struktur islahatlarının aparılması ilə onun inkişafının dəstəklənməsinin və neft gəlirlərin düzgün idarə olunması vasitəsilə makroiqtisadi sabitliyin qorunub saxlanılmasını əhatə edir. Qeyri-neft sektorunun stimullaşdırılması strategiyası isə öz növbəsində bir çox kompleks tədbirlərin həyata keiçrilməsini tələb edir. İlk növbədə qeyri-neft sektorunda biznesin daha da həvəsləndirilməsi, onun kreditləşdirilməsi mexanizmlərinin yaradılması və bu istiqamətdə neft gəlirlərindən fəal istifadə mühüm şərtdir. Digər tərəfdən, qeyri-neft sektorunda vergi dərəcələrinin neft sektoruna nisbətən aşağı salınması, investisiyaların stimullaşdırılması, xüsusilə kənd təsərrüfatının xarici iqtisadi müdaxildən qorunması, özəlləşdirilən müəssisələrdə texnoloji yeniliklərin həvəsləndirilməsi və bununla bağlı layihələrin kreditləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Bu sahədə mühüm məsələlərdən biri də qeyri-neft sektorunun subsidiyalaşdırılması hallarının mərhələlərlə aradan qaldırılması və sahənin neft sektorundan asılılığının azaldılmasından ibarətdir.
Respublikamızda qeyri-neft sektorunun inkişafı ilə bağlı ikinci strateji istiqamət isə neft bumu nəticəsində makroiqtisadi sabitlik üçün yarana biləcək təhlükələrin aradan qaldırılmasıdır. Burada əsas vəzifə milli valyutanın möhkəmlənməsinin qarşısının alınması və inflyasiyanın normal səviyyədə saxlanılmasıdır. Bizcə bu məqsədlə müvafiq dövlət siyasəti aşağıdakı prinsiplərə əsaslana bilər:


-- neft gəlirlərinin nəzərdə tutulmuş səviyyəsindən artıq hissəsinin yığım fondunda cəmləşdirilməsi, az olan hissəsinin isə həmin fondun vəsaiti ilə kompensasiya olunması;
-dövlət xərclərinin orta və uzunmüddətli sosial-iqtisadi inkişaf proqramlarına uyğun həyata keçirilməsi və onun kəskin artmasına yol verilməməsi;


- büdcə xərclərinin artırılması zamanı onun məcmu tələbin komponentlərinə ayrılıqda göstərdiyi təsir və təklifin strukturu ilə uyğunluğuna diqqət yetirilməsi;


- dövlət xərcləmələrinin idarə olunmasının təkmilləşdirilməsi və maliyyə intizamının möhkəmləndirilməsi, həmçinin dolayı subsidiyalaşma hallarının azaldılması;


-- pul siyasəti əlatlərinin spektrinin genişləndirilməsi ilə neft bumu nəticəsində gözlənilən inflyasiya meyllərinin qarşısının alınması üçün həyata keçirilən sterilizasiya tədbirlərinin çevikliyinin artırılması və s.


Tədqiqatlar göstərir ki, kiçik və orta sahibkarlığın qeyri-neft sektorunda sürətləndirilməsi «Hollanda sindromu» ilə üzləşmiş bütün ölkələrdə iqtisadi artımın və məşğulluğun hərəkətverici qüvvəsinə çevrilməklə həlledici rol oynamışdır. Bunun üçün kiçik və orta sahibkarlığın inkişafının dövlətin maliyyəsi hesabına dəstəklənməsi mühüm şərtlərdəndir. Bu mənada hal-hazırda Azərbaycanda sahibkarlığın inkişafına dövlətin müxtəlif forma və metodlarla maliyyə dəstəyinin artırılması təqdirəlayiq haldır. Lakin, dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsaitin mövcud həcmi kiçik və orta sahibkarlığın inkişafının kompleks dəstəklənməsi baxımından kifayət deyildir. Dövlət vəsaitlərinin kiçik və orta sahibkarlığın subyektləri arasında səmərəli yerləşdirilməsi mexanizmində də çatışmamazlıqlar və problemlər mövcuddur. Bu baxımdan, məqsədli kreditlərin yerləşdirilməsi üzrə kommersiya banklarının fəallığının artırılmasına, bu məqsədlə müxtəlif formada güzəşt tədbirlərinə ehtiyac duyulur.


Azərbaycanda qeyri-neft sektorunun inkişafı potensialının tam reallaşmasına yönəlmiş bütün bu tədbirlərin kompleks şəkildə həyata keçirilməsi ixracyönümlü və idxalı əvəz etmə inkişaf strategiyalarının effektiv sintezinə imkan verən müvafiq iqtisadi mexanizmlərin işlənməsi və realizasiyası əsasında mümkündür. Belə ki, müvafiq modellərin əksəriyyəti ilkin olaraq xarici bazarlara texnoloji baxımdan sadə məhsulların çıxarılması ilə xarakterizə olunur. Həmin məhsulların əsas hissəsini yüngül sənaye malları təşkil edir. Sənayeləşmə prosesi dərinləşdikcə isə bu ölkələrin ixracı texniki baxımdan daha mürəkkəb və kapitaltutumlu məhsullarla, o cümlədən istehsal təyinatlı məhsullar ilə zənginləşir. Şübhəsiz ki, bütün Azərbaycanda yerildiləcək müvafiq strategiyanın işlənməsində nəzərə alınmalıdır. Çünki, mövcud potensial, ölkədə sintez olunmuş modelin tətbiqi üçün imkanlar yaradır. Beləliklə, yaxın illər ərzində Azərbaycan hökuməti qarşısında ixracyönümlü və idxalı əvəz edən sahələrin dövlət dəstəyi mexanizminin formalaşdırılması çərçivəsində inkişaf etdirilməsi kimi mühüm vəzifə dayanır.


Biz əminik ki, Azərbaycan dövlətinin məqsədyönlü siyasəti tez bir zamanda özünün bəhrəsini verəcək və xalqımızın rifahı daha da yaxşılaşacaq.
 
[ Geri ]